Xəbərlər
Marneulinin 84 kəndindən 55-də kəndə dəstək proqramı çərçivəsində küçə işıqlandırması qurulacaq
Marneuli bələdiyyəsində 84 kənd var. 2019-cu ilin kəndə dəstək proqramına 84 kəndin hamısı qoşulub. Marneuli meriyasının nümayəndələri sakinlərlə görüş keçirirdilər və “kənd toplantılarında” həyata keçiriləcək layihələri müəyyən edirdilər.

Marneuli meriyası tərəfindən verilən məlumata görə, Marneulinin 84 kəndindən 55-də əhali küçə işıqlarının quraşdırılmasına qərar verib.

Mülki Mədəniyyət Beynəlxalq Mərkəzinin icraçı rəhbəri Kote Kandelaki “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, kəndə dəstək proqramı vətəndaşların iştirakının formalarından biridir. Bu şəkildə hansı layihənin həyata keçiriləcəyinə kənd özü qərar verir.

“Belə hal olanda, kəndlərin 60-70% eyni qərar verəndə artıq güman etməyə əsasımız var ki, hökumət sərəncamı yerinə yetirilmir və prioritetlər seçilən zaman yerli özünüidarə nümayəndələri proseduralar keçmirlər”, — Kote Kandelaki bildirdi.

Mülki Mədəniyyət Beynəlxalq Mərkəzinin icraçı rəhbərinin sözlərinə görə, şübhə yaranır ki, yerli özünüidarə nümayəndələri kəndlərdə özlərinə uyğun olan layihələri həyata keçirirlər.

Gürcüstanın bölgələrində həyata keçiriləcək layihələr fondundan kəndə dəstək proqramı çərçivəsində maliyyələşdiriləcək layihələrin seçilməsi məqsədi ilə Marneulidə “kənd toplantıları” keçirilirdi.

Hər kəndə əhalinin sayına görə 10000, 12000, 16000 və 20000 lari ayrıla bilər. Kənd toplantılarının keçirilməsi əhalinin müəyyən faiz göstəricisindən asılıdır.

Marneuli bələdiyyəsində “kəndə dəstək proqramı 2019”-da nəzərdə tutulmuş layihələr üçün mərkəzi hakimiyyətdən 1 232 000 lari ayrılıb. Bələdiyyə isə müəyyən layihələrin birgə maliyyələşdirilməsi üçün 234 000 lari ayırıb.

"Marneuli" Radiosu
ICON_SEP Print ICON_SEP