Dünyada ən nadir göz rəngi hansıdır?
Hal-hazırda göz rənglərinin çoxlu sayda variasiyaları mövcuddur.

Bu və ya digər rəng tonunun yayğınlığı müxtəlif coğrafi zonalara görə də fərqlənir. Bəs həmişəmi belə olub?

Alimlər sübut edib ki, təqribən 10 min il əvvəl bütün dünya əhalisinin gözü qəhvəyi rəngdə olub. Bu rəng indi də ən çox rastlanandır – 70-90%. Qəhvəyidən sonra isə mavi göz rəngi yaranıb. Bu göz qişasında melaninin azalmasına görə baş verdi.

Alimlər 12-dən (Sovet antropoloqu V.V.Bunakın sisteminə görə) 16-ya qədər (Qərbdə qəbul olunmuş Martin-Şultsın cədvəlinə görə) göz çalarını ayırırlar. Onların arasında mavi, göy, qəhvəyi, boz, sarı, yaşıl, hətta qara (əslində isə qara yox, tünd-qəhvəyi) rənglərinin bütün variasiyaları var.

Avropada uşaqların böyük qismi mavi gözlü dünyaya gəlir və bu göz rəngi bir yaşa kimi qorunur, amma tünd piqmentləşmə dördüncü ayda da başlaya bilər. Bu dəyişmənin səbəbi göz qişasında melaninin toplanmağa başlamasıdır.

Artıq üç yaşına çatmış uşağın gözlərinin rəngi haqqında danışmaq olar, hərçənd ki, 10-12 yaşa kimi göz rəngi dəyişməyə davam edə bilər. Qocaldıqdan sonra isə piqment ifrazatının azalmasına görə göz rəngi yenidən solğunlaşa bilər. Göz rənginin çalarının dəyişməsi həm də bəzi xəstəliklərlə bağlı ola bilər. Məsələn, melanom zamanı tündləşmə, leykemiya zamanı isə açılma baş verir.

Bu və ya digər göz rənginin planetin fərqli künclərində yayılma dərəcəsi millətin genefondu ilə izah edilir. Misal üçün mavigözlülərin əksəriyyəti Şimali Avropa, İrlandiya və İngiltərə köklülərdir. Amerikada neqroid irqinin nümayəndələri arasında isə qaragözlü insanlar nisbətən çoxluq təşkil edir (11,9%).

Publika.az xəbər verir ki, dünyada ən nadir göz rəngi əgər onun variasiyalarını nəzərə almasaq (boz-yaşıl, sarı-qəhvəyi zolaqlı yaşıl) yaşıl sayılır. Dünya əhalisinin sadəcə 2%-i özünü yaşılgözlü adlandıra bilər.

Digər çox nadir rəng isə qırmızıdır ki, bu da yalnız albinizm nəticəsində yaranır. Belə hallarda göz qişasının mezodermal və ektodermal qatlarında melanin piqmenti heç olmadığı üçün onun şəffaf damarlarında qanın rəngi görünür. Bəzən albinosların gözü qırmızı rəng göylə qarışarsa, bənövşəyi də olur.

Göz rənginə görə bəzi xəstəlikləri də müəyyən etmək olar. Məsələn, tamamilə qara rəng göz qişasının aniridiya qatının olmamasına işarədir. Elə xəstəliyin adına da aniridiya deyilir. Aniridiya göz bəbəyini zədələdiyi üçün görmə qabiliyyətinin aşağı düşməsi və işıqdan qorxma kimi fəsadlara yol açır.

Gözlərimizin rəngindən asılı olmayaraq, onların qayğısına qalmalı və qorumağa çalışmalıyıq.

Mənbə: Publika.az
Print Email
FaceBook Twitter Google