Hal-hazırda göz rənglərinin çoxlu sayda variasiyaları mövcuddur.
Bu və ya digər rəng tonunun yayğınlığı müxtəlif coğrafi zonalara
görə də fərqlənir. Bəs həmişəmi belə olub?
Alimlər sübut edib ki, təqribən 10 min il əvvəl bütün dünya
əhalisinin gözü qəhvəyi rəngdə olub. Bu rəng indi də ən çox
rastlanandır – 70-90%. Qəhvəyidən sonra isə mavi göz rəngi yaranıb.
Bu göz qişasında melaninin azalmasına görə baş verdi.
Alimlər 12-dən (Sovet antropoloqu V.V.Bunakın sisteminə görə) 16-ya
qədər (Qərbdə qəbul olunmuş Martin-Şultsın cədvəlinə görə) göz
çalarını ayırırlar. Onların arasında mavi, göy, qəhvəyi, boz, sarı,
yaşıl, hətta qara (əslində isə qara yox, tünd-qəhvəyi) rənglərinin
bütün variasiyaları var.
Avropada uşaqların böyük qismi mavi gözlü dünyaya gəlir və bu göz
rəngi bir yaşa kimi qorunur, amma tünd piqmentləşmə dördüncü ayda
da başlaya bilər. Bu dəyişmənin səbəbi göz qişasında melaninin
toplanmağa başlamasıdır.
Artıq üç yaşına çatmış uşağın gözlərinin rəngi haqqında danışmaq
olar, hərçənd ki, 10-12 yaşa kimi göz rəngi dəyişməyə davam edə
bilər. Qocaldıqdan sonra isə piqment ifrazatının azalmasına görə
göz rəngi yenidən solğunlaşa bilər. Göz rənginin çalarının
dəyişməsi həm də bəzi xəstəliklərlə bağlı ola bilər. Məsələn,
melanom zamanı tündləşmə, leykemiya zamanı isə açılma baş
verir.
Bu və ya digər göz rənginin planetin fərqli künclərində yayılma
dərəcəsi millətin genefondu ilə izah edilir. Misal üçün
mavigözlülərin əksəriyyəti Şimali Avropa, İrlandiya və İngiltərə
köklülərdir. Amerikada neqroid irqinin nümayəndələri arasında isə
qaragözlü insanlar nisbətən çoxluq təşkil edir (11,9%).
Publika.az xəbər verir ki, dünyada ən nadir göz rəngi əgər onun
variasiyalarını nəzərə almasaq (boz-yaşıl, sarı-qəhvəyi zolaqlı
yaşıl) yaşıl sayılır. Dünya əhalisinin sadəcə 2%-i özünü yaşılgözlü
adlandıra bilər.
Digər çox nadir rəng isə qırmızıdır ki, bu da yalnız albinizm
nəticəsində yaranır. Belə hallarda göz qişasının mezodermal və
ektodermal qatlarında melanin piqmenti heç olmadığı üçün onun
şəffaf damarlarında qanın rəngi görünür. Bəzən albinosların gözü
qırmızı rəng göylə qarışarsa, bənövşəyi də olur.
Göz rənginə görə bəzi xəstəlikləri də müəyyən etmək olar. Məsələn,
tamamilə qara rəng göz qişasının aniridiya qatının olmamasına
işarədir. Elə xəstəliyin adına da aniridiya deyilir. Aniridiya göz
bəbəyini zədələdiyi üçün görmə qabiliyyətinin aşağı düşməsi və
işıqdan qorxma kimi fəsadlara yol açır.
Gözlərimizin rəngindən asılı olmayaraq, onların qayğısına qalmalı
və qorumağa çalışmalıyıq.
Mənbə: Publika.az