Bu gün, 3 iyun tarixində Baş nazirin müavini, Regional İnkişaf və
İnfrastruktur naziri Maia Tsikitişvili Marneulidə infrastruktur
layihələrini nəzərdən keçirib.
Nazir kanalizasiya sistemləri və təhsil müəssisələrinin tikintisi
prosesi ilə tanış olub. Nazirin “Marneuli” radiosuna bildirdiyinə
görə, Marneulidə həyata keçirilən vacib layihələrdən biri su
təchizatı və kanalizasiya sisteminin tikintisidir. Layihə üçün
Asiya İnkişaf Bankı tərəfindən 150 000 lari maliyyə ayrılıb.
Tsikitişvilinin sözlərinə görə, bundan əlavə Marneulidə indiki
mərhələdə 7 yeni təhsil müəssisəsi tikilir. Onlar arasında
Şulaveridə yerləşən məktəb də var. Bina 450 uşaq üçün nəzərdə
tutulub.
“Şulaveridə tam yeni məktəb binasının tikintisi
aparılır. Tikinti təhsil islahatı çərçivəsində tətbiq edilmiş yeni
məktəb standartlarına uyğundur. Məktəb infrastrukturu 450 şagird
üçün nəzərdə tutulub. Onlar üçün açıq və qapalı idman meydançası,
tədbirlər üçün zal, yeməkxana olacaq. Əlbəttə, bundan əlavə sinif
otaqları və laboratoriya da olmalıdır. Təhsil prosesi üçün bunlar
vacibdir. Bələdiyyənin İnkişaf Fondu Marneulidə yeddi məktəbin
tikintisini həyata keçirir. Səkkizinci isə yaxın gələcəkdə tenderə
çıxarılacaq.”
Maia Tsikitişvilinin sözlərinə görə, Bələdiyyənin İnkişaf Fondu
bütün ölkə miqyasında 59 yeni məktəb tikintisi və 85 məktəbdə isə
əsaslı bərpa işləri həyata keçirir.
Qeyd edək ki, Candar, Sabirkənd, Tsopi, Şulaveri, Qasımlı, Xuldərə,
Kirovka və Kürtlər kəndində yeni məktəb tikilir.
Bugünkü
görüşdə yerli özünüidarə nümayəndələri və Parlamentin majoritar
deputatları da iştirak edirdilər. Marneuli meri Zaur Darğallı da
görüşdə iştirak edirdi və o, müsahibə verməkdən imtina etdi.
Zaur Darğallı Nəriman Nərimanovun heykəlinin bərpası müzakirə
məsələsinə çevrildikdən sonra “Marneuli” radiosuna müsahibə
vermir.