2 iyun tarixində Gürcüstanda daha bir nəfər koronavirusdan
dünyasını dəyişib. Dünyasını dəyişən şəxs Bolnisinin Dəllər
(Muşevani) kənd sakini olub. Həmin şəxsdə virus mayın 9-da
aşkarlanıb.
Pasiyent Tbilisidə Respublika Xəstəxanasında müalicə olunub.
Dünyasını dəyişən 75 yaşlı şəxs bun gün dəfn ediləcək. Bu barədə
məlumatı “Marneuli” radiosu ilə söhbəti zamanı adının hallanmasını
istəməyən kənd sakini verdi. Onun sözlərinə görə, dünyasını dəyişən
şəxs bronxit xəstəliyindən əziyyət çəkirmiş.
“Dəfn mərasimi hələ davam edir. Bilmirəm necə olacaq,
hal-hazırda mən orada deyiləm. Amma bu gün dəfn edəcəklər. Qəbrini
qazıblar. İndi yəqin ki, dövlətin özü gəlib basdırar. Hal-hazırda
dəqiq məlumatım yoxdur. Orada deyiləm. Toplaşmaq olmur. 5-10 nəfər
yaxınları olacaq. Ölən şəxsin 75 yaşı var idi. Bronxit
xəstəliyindən əziyyət çəkirdi”, – adının hallanmasını
istəməyən Dəllər kənd sakini dedi.
Dəllər kənd sakininin dediyinə görə, kənd sakinlərinin hər birindən
analiz götürülüb, artıq cavabları da çıxıb.
“Kəndimiz hər tərəfdən bağlıdır. Ciddi karantin
rejimidir. Hər kəs öz evində-eşiyindədir. Analiz vermişdik,
cavabını almışıq. Elə bir şey yoxdur, yolun açılmasını gözləyirik.
Kənddə hamıdan bir-bir analiz götürüldü. Cavablar çıxıb. Kimlərdə
virus aşkarlanmışdı, onları və ailəsini apardılar. Bildiyim qədər
kənddə koronavirusa təxminən 50 nəfərdən artıq adam yoluxub.
Axırıncı analiz zamanı 26-27 nəfərdə virus çıxdı. Ondan sonra gəlib
ailələrini də apardılar. Yenə də artdı”, – Dəllər
kənd sakini dedi.
Məlumat üçün qeyd edək ki, bu günə qədər Gürcüstanda koronavirusa
800 nəfər yoluxub. Onlardan 640 nəfəri artıq sağalıb, 13 nəfəri isə
dünyasını dəyişib. Bununla yanaşı 2424 nəfər karantin rejimində,
304 nəfər isə stasionar nəzarət altındadır. Xaricdən müalicə üçün
gətirilmiş Gürcüstan vətəndaşların sayı isə 3 nəfərdir.