Koronavirusdan dünyasını dəyişən Bolnisi sakini bu gün dəfn ediləcək
2 iyun tarixində Gürcüstanda daha bir nəfər koronavirusdan dünyasını dəyişib. Dünyasını dəyişən şəxs Bolnisinin Dəllər (Muşevani) kənd sakini olub. Həmin şəxsdə virus mayın 9-da aşkarlanıb. Pasiyent Tbilisidə Respublika Xəstəxanasında müalicə olunub.

Dünyasını dəyişən 75 yaşlı şəxs bun gün dəfn ediləcək. Bu barədə məlumatı “Marneuli” radiosu ilə söhbəti zamanı adının hallanmasını istəməyən kənd sakini verdi. Onun sözlərinə görə, dünyasını dəyişən şəxs bronxit xəstəliyindən əziyyət çəkirmiş.

“Dəfn mərasimi hələ davam edir. Bilmirəm necə olacaq, hal-hazırda mən orada deyiləm. Amma bu gün dəfn edəcəklər. Qəbrini qazıblar. İndi yəqin ki, dövlətin özü gəlib basdırar. Hal-hazırda dəqiq məlumatım yoxdur. Orada deyiləm. Toplaşmaq olmur. 5-10 nəfər yaxınları olacaq. Ölən şəxsin 75 yaşı var idi. Bronxit xəstəliyindən əziyyət çəkirdi”, – adının hallanmasını istəməyən Dəllər kənd sakini dedi.

Dəllər kənd sakininin dediyinə görə, kənd sakinlərinin hər birindən analiz götürülüb, artıq cavabları da çıxıb.

“Kəndimiz hər tərəfdən bağlıdır. Ciddi karantin rejimidir. Hər kəs öz evində-eşiyindədir. Analiz vermişdik, cavabını almışıq. Elə bir şey yoxdur, yolun açılmasını gözləyirik. Kənddə hamıdan bir-bir analiz götürüldü. Cavablar çıxıb. Kimlərdə virus aşkarlanmışdı, onları və ailəsini apardılar. Bildiyim qədər kənddə koronavirusa təxminən 50 nəfərdən artıq adam yoluxub. Axırıncı analiz zamanı 26-27 nəfərdə virus çıxdı. Ondan sonra gəlib ailələrini də apardılar. Yenə də artdı”, – Dəllər kənd sakini dedi.

Məlumat üçün qeyd edək ki, bu günə qədər Gürcüstanda koronavirusa 800 nəfər yoluxub. Onlardan 640 nəfəri artıq sağalıb, 13 nəfəri isə dünyasını dəyişib. Bununla yanaşı 2424 nəfər karantin rejimində, 304 nəfər isə stasionar nəzarət altındadır. Xaricdən müalicə üçün gətirilmiş Gürcüstan vətəndaşların sayı isə 3 nəfərdir.

"Marneuli" Radiosu
Print