Marneulidə paltar mağazası sahibləri karantin zamanı dəyən ziyandan danışdılar
Gürcüstanda ciddi karantin rejimi ləğv olunduqdan sonra 1 iyun tarixində Gürcüstanın baş naziri Qiorqi Qaxarianın bəyanatına əsasən bütün növ mağazalar və “Mall”-ar öz fəaliyyətini bərpa etdilər. Marneulidə çoxluq təşkil edən paltar və ayaqqabı mağazaları da 1 iyun tarixindən etibarən açıldı.

Marneulidə yerləşən paltar mağazalarından birinin satıcısı karantin müddətində mağaza sahibinin ziyana düşdüyünü bildirdi. O, bağlanma qərarı verildiyi zaman mağazanın sahibinin qalan paltarları qutulara toplayaraq evə aparmağa məcbur olduğunu dedi.

“Müdir bilər nə qədər ziyan olduğunu. İki ay evdə oturduq. Dövlətimiz, seçkiyə gəlib qapı-qapı səs istəyənlər, heç demədilər gündəlik işləyən işçilərimiz var. Görək onlar nə yeyirlər? Heç nə olmasa da, verməsək də, maraqlanaq, görək nə edirlər? Gələn köməkliyi öz aralarında yedilər. Qohum-əqrəbasının içində. Dükan sahibi mağazada qalan qış paltarlarını pulla qutu alaraq, evə apardı. Qışda mallardan 50% gəlir qalırdı, paltoları yaxşı satırdıq. Gəldilər, bağladılar. Həmin paltarlar da gələn ilə qaldı. O da cərimə pulunu cibindən verir. İndi də dolların qiyməti qalxdı. Hamısını dollarla göndərir yiyəsinə. İndi onların da gələn il dəbi gedəcək, lap sıfır qiymətə olacaq, dəhşətdir. Mallar Türkiyə, Çindən, hər yerdən gəlirdi. Çox pisəm”,
– satıcı qadın dedi.



56 gün bağlı qalan Marneulidə daha bir mağaza satıcısı qalan bütün qış paltarlarını sata bilmədikləri üçün ziyana düşdüyünü və paltarları gələn ilə saxladığını bildirdi.

“Mən satıcıyam. Qış mallarını yığdıq, aparıb qoyduq evə. Yiyəsi bilər malları nə edəcək. Mağaza martın 21-dən bağlandı, iyunun 1-də açıldı. Mövsüm malları üstümüzdə cərimə qaldı.”



Tanrıverdi Qiyasov Marneuli bazarının yaxınlığında ona məxsus olan paltar mağazasının sahibidir. O, deyir ki, sata bilmədiyi paltarları evə aparmalı olub. Qiyasov xaricdən yeni paltarlar gətirmək üçün bankdan kredit götürməli olacağını dedi. O, müştərilərin azlığından da şikayətlənir və vəziyyətdən necə çıxacağını bilmir.

“Bizə elə bir zərər dəydi ki, öldük. Bütün qış malları əlimizdə qaldı. İndi də ki, gərək gedək bankdan kredit götürək, yay malı gətirək. Bütün malı evə doldurduq. Yəni yaz malını. Yaza doğru idi. Məcburuq yenə də gedib bankdan əlavə kredit götürək. Ayrı nə edək? Heç kimdən borc ala bilmirik. Heç kim də borc vermir. Təzə mallar da çıxacaq, ya yox, bilmirəm. Gedib mal almaq lazım olacaq. Ümumiyyətlə iflasdayıq. Müştərilər də azdır. Bazar bağlıdır deyə gələn-gedən azdır. İndiki mallar da çoxdan gələnlərdir. Biz haralardan götürürdüksə, orada da qiymətlər bahadır. Mal gəlmir deyə bahadır”, – Tanrıverdi Qiyasov dedi.


Geyim mağazasının sahibi karantin zamanı mağazalar bağlandığına görə gətirdiyi paltarların satışını həyata keçirə bilmədiyini deyir. Qadının sözlərinə görə, dəyən zərəri qarşılamaq onlara baha başa gələcək. O, deyir ki, alıcının mağazaya girişinə icazə vermədən paltar satışı həyata keçirilmiş olsaydı, bu gün zərəri çox olmazdı.



“Ziyanımız çox böyük oldu. Yəqin ki, heç 1 il ərzində o ziyanı ödəyə bilmərik. Çox çətindir. Qalan qış malları isə belimizdə cərimədir. Onu da artıq gələn qış satarıq. Əlbəttə aşağı qiymətə satırıq. Bu paltar mağazaları da belə bir şeydir ki, bunlar model ilədir. Mövsümlükdür və bu ilin modeli gələn il üçün köhnəlmiş sayılır. Əlbəttə böyük zərərdir. Camaatda pul yoxdur ki, qiymətdə də artım edəsən. Qiymətləri daha da aşağı salırıq ki, xalq bacara bilsin, alsın. Mallarmız Türkiyədən gəlir. Özü də mağazalar bağlananda malları təzə gətirmişdim. İki qat cərimə oldu. Nə bilim, Allah hamıya kömək olsun. Müştərilər də gəlir. Zəng edirlər, soruşurlar, maraqlanırlar. Çox sağ olsunlar. Onlayn satış etmək bizdə bir az çətindir. Çünki bunun ölçüsü var, rəngi var, mal çoxdur, mən bu qədər malı onlayn sata bilməzdim. Mağazanı açmağa icazə versəydilər, müştərini içəri buraxmazdıq, sadəcə çöldə verərdik malları, aparıb evdə geyinərdilər, bəyənməsələr, qaytarardılar. Ona da icazə vermədilər. Bir növ bağlı qaldı”, – satıcı qadın dedi.



Koronavirusun qarşısının alınması məqsədi ilə Gürcüstanda, həmçinin Marneulidə paltar mağazaları və “Mall”-ar 19 mart tarixində bağlanmışdı və 1 iyun tarixindən etibarən fəaliyyətlərini müəyyən şərtlər altında bərpa etdilər. Bəzi brend mağazalarda paltardəyişmə otaqları müvəqqəti olaraq ləğv edildi. İş saatları da ticarət mərkəzləri ilə razılaşdırılma əsasında olmalıdır. Həmçinin paltardəyişmə otaqları 2 saatdan bir dezinfeksiya olunmalıdır. Bundan əlavə vətəndaşlara daha artıq rahatlıq yaratmaq üçün alınan malın standart dəyişmə-qaytarılma müddətləri – qaytarılmağa görə 3 gün, dəyişməyə görə 1 həftə əvəzinə 2 həftə vaxt veriləcək.

Print Email
FaceBook Twitter Google