Bazarın direktoru Marneulinin qapalı bazarının fəaliyyətinə ümid etmir
Marneulidə “yaşıl bazarın” açılacağı tarix məlum deyil. Qapalı tipli bazar artıq həftələrdir ki, qurulub, ancaq piştaxtalar fəaliyyətsiz qalıb. Qeyd olunan məkanı dünən 5 iyun tarixində Gürcüstanın Ekologiya və Kənd Təsərrüfatı nazirinin müavini və yerli özünüidarə nümayəndələri nəzərdən keçirib. Marneuli meriyası məlumatı öz Facebook səhifəsində yayımlayıb və qeyd edib ki, “yaşıl bazar”ın qapalı tipli ticarət məkanının infrastrukturu, tam təhlükəsizliyə riayət olunmaqla dəyişdirilib və yaxın gələcəkdə Milli Ərzaq Agentliyi tərəfindən tətbiq olunan tövsiyələrə uyğun olaraq fəaliyyətə başlayacaq.”

Bazarın direktoru Elquca Xarşiladze isə "Marneuli" radiosu ilə söhbəti zamanı bildirdi ki, onların məkanında ticarətçilərin olması faktiki olaraq mümkün deyil. Ona görə ticarət hələlik açıq məkanda davam edəcək.

“Tövsiyələrimiz var, amma hələ satıcıları bayırda saxlayacağıq. Ümumiyyətlə bayırda kimsə varsa və pərakəndə ticarətlə məşğuldursa, onlar içəri daxil olmalı idilər, ancaq içəri gətirə bilmədik. Havalandırma var, amma hələ qurmuruq, kondisioner də qurmuruq çünki koronavirusla bağlı olaraq qadağan edilib. Başqa halda isə içəridə dura bilməzlər, qapalı məkandır. Çox adam toplaşarsa, daha çox sıxlıq olacaq”, – Elquca Xarşiladze deyir və qeyd edir ki, bayırda ticarətlə məşğul olan satıcılar Səhiyyə Nazirliyinin tövsiyələrinə əməl edirlər və buna bir neçə qurum nəzarət edir.

İndi qapalı bazarın ayrı şöbəsində fəaliyyət göstərən yeganə məkan süd məhsullarıdır və orada bir neçə piştaxta yerləşdirilib. Satıcılar şikayət edirlər ki, alıcı yoxdur.





Qapalı bazarın daha bir ən vacib şöbəsi, 100-ə qədər satıcının gözləntisində olan meyvə-tərəvəz bazarıdır. Ancaq bazar direktorunun havalandırılması mümkün olmayan məkanın açılmasına indiki mərhələdə ümidi yoxdur.

Milli Ərzaq Agentliyinin Marneuli Regional İdarəsinin rəhbəri Miranqula Liparteliani bildirir ki, qapalı bazarda nəzərdə tutualn tövsiyələr artıq verilib. Onlar pozulan halda isə cərimələr tətbiq olunacaq. Bu tövsiyələrə qapalı bazarda hələ ki, yalnız pendir satıcıları əməl etməli olacaqlar.

“Bu əsasən Səhiyyə Nazirliyinin tövsiyələridir. Tövsiyəni Milli Qida Agentliyi biznes operatorlara və aqrar bazarlara təyin edir və monitorinq aparır. Bu dezobaryerlərin olması, giriş və çıxışların qurulması, adam sayına nəzarət, yuma/dezinfeksiya tezliyi, termoskrininq və s.-dir."

“Yaşıl bazarın” fəaliyyəti məsələsini araşdırmaq üçün “Marneuli” radiosu bu gün dəfələrlə Marneuli meri və müavinləri ilə əlaqə saxlamağa cəhd etdi, ancaq onlar hələ də bizim zənglərimizə cavab vermirlər.

Qeyd edək ki, Marneulinin açıq aqrar bazarı alıcıları 27 apreldən qəbul edir. Koronavirusun qarşısının alınması məqsədi ilə hazırlanmış tövsiyələrin monitorinqini isə bazar rəhbərliyi, Milli Qida Agentliyi və Marneuli meriyasının Nəzarət Xidməti həyata keçirir.

Print Email
FaceBook Twitter Google