Marneulili deputat yeni vəzifəyə təyin olundu
Marneulinin majoritar deputatı Ruslan Hacıyev Marneulidə “Gürcü Arzusu” partiyasının seçki qərərgahının rəhbəri təyin olundu.

Deputat “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, partiyanın seçki qərərgahının rəhbəri olması ilə bağlı əvvəlcədən məlumatı olub. Hacıyev 6 iyul tarixində “Gürcü Arzusu” partiyasının lideri Bidzina İvanişvili tərəfindən rəsmi olaraq, Marneulidə yerləşən seçki qərərgahının rəhbəri vəzifəsinə təyin olunduğunu təsdiq etdi.

“Demokratik Gürcü Arzusu partiyasının seçki qərərgahının rəhbəri təyin olundum. Bu birinci dəfə deyil, mən hər dəfə seçki qərəgahının rəhbəri oluram. Biz yenilməyi bilmirik, hər zaman qalib gəlməyi bilirik. Bu dəfə də qalib gələcəyik”, – Ruslan Hacıyev dedi.

2020-ci ilin Parlament seçkiləri yenidən qarışıq qaydada keçiriləcək, amma majoritar və proporsional deputatların sayı dəyişəcək.

120/30 – müxalifət və iqtidar partiyalarının razılaşmasına görə proporsional və majoritar qaydada seçiləcək deputatların sayı belə bölünüb.
Gürcüstan Parlamenti Konstitusiyaya seçki sistemi ilə bağlı edilən dəyişiklikləri 21 iyun tarixində 136 lehinə, 5 əleyhinə səslə birinci oxunuşda dəstəkləyib.
2016-cı ildə keçirilmiş Parlament seçkiləri zamanı Marneuli iki majoritar dairəyə bölünmüşdü. Yeni sistemə görə isə Marneulidə yalnız bir majoritar dairə olacaq.


Print Email
FaceBook Twitter Google