Meriya Tamarisidə cüdo zalının tikintisinin tamamlanması üçün 408 452 lari dəyərində tender elan edib
14:15 / 10.07.2020
Marneuli bələdiyyəsinin yerli özünüidarəsi 2020-ci ilin 8
iyulunda Tamarisi kəndində cüdo zalının tikintisinin qalan
işlərinin həyata keçirilməsi üçün 408 452 lari dəyərində tender
elan edib.
Meriya Marneuli bələdiyyəsinin Tamarisi kəndində cüdo zalının
tikinti işləri üçün 2019-cu ilin 29 yanvar tarixində də tender elan
etmişdi. O zaman tenderdə “Anana” MMC qalib gəlmişdi və Marneulinin
idman zalının tikintisini 777 777 lariyə həyata keçirməyi təklif
etmişdi.
Merin müavini Zaur Tabatadze “Marneuli” radiosu ilə söhbəti zamanı
bildirdi ki, yeni tenderin elan olunması “Anana” MMC ilə
müqavilənin dayandırılmasına görə lazım olub.
“İşləri həyata keçirən şirkət obyektin tikintisini tamamlaya
bilmədi və problemlər yarandı. Aydındır ki, cərimə sanksiyaları
təyin olunurdu, bir neçə dəfə vaxt uzadıldı, amma işlər yenə də
bitmədi. Yekunda şirkətlə müqaviləni dayandırdıq. Nəzarətçi
təşkilat həyata keçirilən və keçirilməyən işlər arasında fərqi
yenidən qiymətləndirdi və həyata keçirilməli olan işlərlə bağlı
tender elan olundu. Qalib gələcək yeni şirkəti gözləyirik ki,
işləri davam etdirsin”, – Zaur Tabatadze dedi.
Zaur Tabatadzenin açıqlamasına görə, Marneuli meriyası “Anana”
şirkətinin qara siyahıya daxil edilməsi üçün artıq müvafiq orqana
sənədləri göndərib.
İndiki mərhələdə Tamarisidə cüdo zalının yalnız “qara karkası”
tikilib. Binanın hələ də dam örtüyü yoxdur.
Marneuli meriyası tərəfindən elan olunmuş tenderdə qalib gələn
şirkət müqavilə bağlandıqdan tender təklifi ilə müəyyən edilmiş
işləri 105 gün ərzində həyata keçirməlidir.