Qldanidə korpusdan ünvansız atəş açan şəxs saxlanılıb

Polislər Tbilisidə, Qldanidə 9 iyul tarixində gecə yaşayış korpusundan atəş açan və polisə qapını açmayan şəxsi saxlayıb.



Qurumun məlumatına görə 9 iyul tarixində Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizliyin İdarəsi mərkəzinə – 112-yə Qldanidə, Akaki Vasadze küçəsində yerləşən yaşayış korpuslarının birindən neçə dəfə atəş açılması ilə bağlı məlumat daxil olub.

Daxil olan məlumat əsasında polis və təcili yardım briqadası hadisə yerinə gedib.

DİN-dən bildirirlər ki, yaşayış binalarının birindən güman ki, içkili vəziyyətdə olan, 1997-ci il təvəllüdlü B.Ş. bir neçə dəfə ünvansız atəş açıb. Atəş nəticəsində heç kim xəsarət almayıb. B.Ş. hadisə yerinə getmiş polislərə tabe olmayıb və mənzilin qapısını açmayıb.

B.Ş. İnzibati Xətalar Məcəlləsinin 173-cü (hüquq mühafizə orqanı əməkdaşının tələbinə tabe olmamaq) və 166-cı maddələri (xırda xuliqanlıq) ilə nəzərdə tutulmuş qayda pozuntusuna görə saxlanılıb. Polislər onun atəş açdığı silahı maddi dəlil kimi müsadirə edib. Odlu silahın qanuna zidd şəkildə əldə olunması-saxlanılması faktı ilə bağlı Cinayət Məcəlləsinin 236-cı maddəsinin üçüncü hissəsi ilə istintaq aparılır.
Mənbə: Netgazeti

 

Print