Xəbərlər
QURBAN BAYRAMI YARADANA İNAMIN, VƏFANIN VƏ DƏRİN SEVGİNİN TƏZAHÜRÜDÜR
Bu il müqəddəs Qurban bayramı təqvimə görə çox ehtimal olunur ki, 31 iyil tarixindən başlayaraq 2 Avqusta qədər - 3 gün qeyd ediləcək.
“Eydul-Əzha” da adlanan Qurban bayramı İslam aləmində ən böyük bayramlardan biridir. Bütün müsəlman aləmində hər il Ramazan bayramından 70 gün sonra qeyd olunur və üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir.

Bu il müqəddəs Ay təqviminə əsaslanan Qurban bayramı təqvimə görə çox ehtimal olunur ki, 31 iyul tarixindən olaraq 2 Avqusta qədər 3 gün qeyd ediləcək.

Ölkəmizdə Qurban bayramının namazı bayram günü saat 09:00-dan etibarən tibbi tövsiyələrə əməl etməklə məscidlərdə və məscidlərin həyətində qılınacaq.

Dini qurban kəsmə adəti hamıya məlum olduğu kimi Hz. İbrahim Peyğəmbərin (ə) həyatında baş verən hadisədən – oğlu Hz. İsmayılı (ə) Allah üçün qurbanetmə sınağına çəkilməsindən sonra yaranmışdır.

Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana "İsmayıl qurbanı" da deyirlər. Çox sevdiyi övladını Allah yolunda qurban verməyə hazır olması peyğəmbərin Allah qarşısında imanının, səmimiliyinin və əsl bəndəliyinin bariz sübutudur. Odur ki, din tarixində dərin iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın nümunəsi olaraq yaşamışdır.

Qurban kəsmək yalnız Həcc mərasimini icra edən Hacılara vacibdir. Məkkə şəhərindən kənar olan və Həcc mərasimində olmayan müsəlmanlara isə tövsiyə olunan yaxşı – müstəhəb əməllərdəndir.

Buna görə də Qurbanlıq qoyunun bütün şərtlərinə Həcdə olanlar əməl etməlidirlər. Həcdə olmayanların əməl etməsi isə çox bəyənilir.

Qurban bayramında hər bir imkanlı müsəlman qurban kəsib, onun ətinin bir hissəsini imkansızlara, kasıblara paylamalıdır. Qurbanlıq sahibi əti üç hissəyə bölüb birini özü və ailəsi üçün götürə, qalan iki hissədən birini də öz qonşularına və yaxınlarına verə bilər. Digər hissəni isə mütləq ehtiyacı olanlara paylamalıdır. Lakin qurban sahibi istəsə, ətdən özünə pay götürmədən, hamısını ehtiyaclılara paylaya bilər.

Burada əsas məqsəd dindarlığa və ilahi razılığa nail olmaqdır. “Qurani-Kərim”də buyurulur ki, kəsilən qurbanların nə əti, nə də qanı Allaha çatmaz, Allaha çatacaq olan yalnız sizin təqvanızdır. Qurban ibadəti bizə Allah yolunda paylaşmağı, kasıblara əl tutmağı öyrədir. Qurban Allaha olan sevginin isbatıdır. Yaradana olan sevgimizi göstərmək üçün bizim üçün dəyərli olanlardan infaq etməliyik.

Qurbanlıq üçün nəzərdə tutulan heyvanı Qurban bayramı günü kəsmək daha yaxşıdır. Amma qalarsa, Qurban bayramından sonrakı iki gün ərzində də kəsməyin eybi yoxdur. Həcdə olmayan bizə Qurban günü şərikli qurban kəsmək qadağan deyil. Tək qurban kəsməyə imkanı olmayanlar birləşib qurban kəsə bilərlər. Belə halda şərikliyin sayı və tək ya cüt olmasının önəmi yoxdur. Amma imkan varsa, tək kəsmələri daha yaxşıdır.

Qurbanlıq heyvanların yaşına gəlincə: öküz 2 illik, keçi 1 illik və qoyun isə ən azı 7 ayı keçmiş olmalıdır. Amma ehtiyata görə, qoyunun bir ili tamam olmalı və ya bir yaşlı heyvan kimi gözə gəlimli olmalıdır. Əlbəttə, bu şərtlər də Həcdəki və nəzir kimi vacib qurbanlığa aiddir. Burada bu şərtlərə əməl etmək müstəhəb olaraq çox bəyənilir. Bizim ölkədə gözə gəlimli bir ilini tamamlamış iri buynuzlunu da kəsmək olar.

Fürsətdən istifadə edib qarşıdan gələn Qurban bayramı münasibəti ilə təbrik edir, Allahdan kəsilən qurbanları, edilən ibadət və duaların qəbul olmasını diləyirəm. Allah Qurban bayramı hörmətinə ölkəmizə və dünyaya sülh, bolluq, firavanlıq, körpələrə sevinc, ailələrə xoşbəxtlik, süfrələrə bərəkət nəsib etsin. Amin!

Hacı Ramin İgidov, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi
FaceBook Twitter Google
Riçard Luqar Mərkəzinin COVID-19 ilə mübarizədə artan əhəmiyyəti ilə, illərdir laboratoriya ilə bağlı müxtəlif konspirasiyalar hazırlayan Kreml mətbuatı diaqnoz mərkəzinin əhəmiyyətini şübhə altına almağa çalışır və Luqarın son müsbət qiymətləndirmələrinin şişirdildiyini iddia edir.
Read more...
04:00 / 05.08.2020
Məsafə saxla