Azərbaycanın Müdafiə Nazirliyi ölkəyə məxsus pilotsuz uçuş
aparatının vurulduğunu təkzib edir. Bu barədə məlumatı Azərbaycanın
İnformasiya Agentliyi APA yayıb.
“Bu məlumatın doğru olmadığını bəyan edirik. Azərbaycan
ordusuna məxsus bütün pilotsuz uçuş aparatları yerindədir və bizdə
itki yoxdur", – Müdafiə Nazirliyinin açıqlamasında
bildirilir.
Xatırladaq ki, dünən Azərbaycan-Ermənistan sərhədində Ermənistan və
Azərbaycan hərbçiləri arasında qarşıdurma baş vermiş, mətbuatda
yayılan məlumatlara görə, atışmalar nəticəsində 3 Azərbaycan əsgəri
həlak olmuş və 5 nəfər yaralanmışdı. Tərəflər atəşkəsin
pozulmasında bir-birini günahlandırırlar.
Toqquşmalar gecə yarısına qədər davam edib. Azərbaycan Müdafiə
Nazirliyinin məlumatına görə, Ermənistan Silahlı Qüvvələri Tovuz
rayonunun Ağdam kəndi istiqamətində 120 mm-lik minaatanlardan atəş
açıb, Azərbaycan əsgərləri isə
“düşmənin təxribatına
cavab olaraq sərt tədbirlər görüblər.”
Ermənistanın Müdafiə Nazirliyi yaşayış məntəqəsi istiqamətində atəş
açılması barədə məlumatı təkzib edib.