Mərhum 23 yaşlı Tamar Baçaliaşvilinin anası Teona Tamazaşvili
hökumət tərəfindən qızının ölümü məsələsinə reaksiya olmadığı və
ABŞ Federal Təhqiqat Bürosunun işə qoşulmadığı təqdirdə aclıq
aksiyasına başlayacağını bildirib.
Onun jurnalistlərə bildiridiyinə görə, ailənin istəyi ABŞ-ın
Gürcüstandakı səfiri Kelli Deqnan ilə görüşdür.
“Gürcüstan hökuməti qızımın qətlini araşdırmaq üçün
gücsüz olduğuna görə Federal Təhqiqat Bürosunun iştirakını tələb
edirəm. Həmçinin, Kelli Deqnan ilə görüş tələb edirəm ki, Amerika
xalqı qızımın qətli hadisəsini yaxından bilsin və mənim yanımda
dayansın, çünki qatillər yüksək vəzifəli şəxslərdir və mən heç vaxt
ədalət əldə edə bilməyəcəyəm. Amerika xalqı, xahiş edirəm yanımda
durun.
Əsas tələbimiz Gürcüstan hökumətinin FTB-nin iştirakından imtina
etməməsidir. Ehtimal edirəm ki, Kelli Deqnan da anadır və övladları
var, ona görə də onunla bilavasitə görüşmək istəyirəm. Sizə
yalvarıram, qarşınızda diz çökürəm…. Ədalətə nail ola bilmirəm..
Əgər, heç bir münasibət bildirməsələr, bu səfirliyin qarşısında
aclıq aksiyasına başlayacağam. 3 gün gözləyəcəyəm, rəsmi məktub
göndərilib və FTB bu işə qarışmasa, bunu bütün ölkənin qarşısında
elan edirəm ki, şəxsən burada oturub aclıq aksiyası
keçirəcəyəm", – deyə Teona Tamazaşvili bildirib.
Xatırladaq ki, Tamar Baçaliaşvili iyulun 18-də itkin düşmüş,
sonuncu dəfə Tetritskaro rayonundakı müşahidə kameraları tərəfindən
görülmüşdü. 5 günlük axtarışdan sonra Tetritskaro meşəsi
yaxınlığında şəxsi avtomobilində ölü tapılmışdı.
Baçaliaşvilinin işi ilə əlaqədar istintaq qanunsuz azadlıqdan
məhrum etmə maddəsi ilə başlamışdı, daha sonra işə intihar həddinə
çatdırma maddəsi də əlavə edildi.