Xəbərlər
Marneuli meriyasında 7 yeni iş yeri yaradılıb
Bu gün, 7 avqusta tarixində Marneulinin Bələdiyyə Məclisinin iclası keçirilib. İclasa müzakirə üçün 12 məsələ çıxarılıb. Deputatlar bütün məsələlərlə bağlı müsbət qərar qəbul ediblər. Bələdiyyə Məclisinin iclasında Meriyanın Səhiyyə, Sosial Təminat, Mədəniyyət və İdman Xidmətinə 6 ştatın əlavə olunması məsələsi müzakirə edilib.

Marneuli merinin müavini Laşa Lobcanidze məsələnin müzakirəsi zamanı bildirdi ki, Gürcüstanda Uşaq Hüquqları Məcəlləsinin qüvvəyə minməsindən sonra bütün bələdiyyələrə müvafiq iş yerləri yaratmaları barədə tapşırıq verilib. Həmin iş yerləri uşaqlara qarşı zorakılıq mövzularına istiqamətlənəcək.

"Ştat əməkdaşları koordinator, sosial işçi, hüquqşünas və psixoloq olacaq. Yəni bu mövzuya istiqamətlənəcək bütün adamlar burada var. Əlbəttə uşaqlara qarşı zorakılıq olan zaman zərərçəkənlərə müvafiq xidmət göstərməliyik və lazım olarsa, onları müvafiq orqanlara yönəltməliyik", – Laşa Lobcanidze bildirdi.

Lobcanidzenin sözlərinə görə, bələdiyyə qeyd olunan xidmətlərlə bağlı ayrı şöbə də yarada bilərdi. Ancaq büdcəyə qənaət baxımından bələdiyyənin Səhiyyə, Sosial Təminat, Mədəniyyət və İdman şöbəsinə 6 yeni ştat əlavə olunub. Bu gündən qeyd olunan xidmətin adı da dəyişib və o Səhiyyə, Sosial Təminat, Mədəniyyət, İdman və Uşaq Hüquqlarının Müdafiəsi və Dəstək Xidməti adlanır.

Məsələnin müzakirəsi zamanı "Avropalı Gürcüstan"-ın üzvü Əhməd İmamquliyev yerli özünüidarəyə təklif etdi ki, vakansiya elan edən zaman iştirakçıların müsabiqəsinə Azərbaycan dilini bilməyi də əlavə etsinlər. Çünki Marneuli əhalisinin əksəriyyəti Azərbaycandillidir.

Ə.İmamquliyevin təklifinə Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze və merin müavini Laşa Lobcanidze cavab verib və qeyd ediblər ki, Gürcüstan qanunvericiliyinə uyğun olaraq yerli özünüidarə orqanına əməkdaşları işə götürən zaman məcburi tələblərə Azərbaycan dilinin bilinməsini daxil edə bilməzlər. Amma müsahibə mərhələsində Marneulidə çalışmaq üçün lazım olan dilləri bilən mütəxəssislərə üstünlük veriləcək. Bələdiyyə Məclisi Marneuli meriyasının İqtisadiyyat Xidmətinə bir ştatın əlavə olunmasını da dəstəklədi.



FaceBook Twitter Google