Məhərrəm ayı bu il nə vaxt başlayacaq - Ramin İgidov
Məhərrəm ayı bu il avqust ayının 21-də başlayacaq. Aşura isə Məhərrəm ayının 10-cu gününə, yəni avqust ayının 30-a təsadüf edəcək. İmam Hüseynin ərbəini 40-cı günü isə oktyabr ayının 8-i günüdür. Bu barədə məlumatı "Marneuli" radiosu ilə söhbəti zamanı Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov verdi. Onun sözlərinə görə, bu il epidemioloji vəziyyətə görə, tədbirlərin açıq yerlərdə keçirmək tövsiyə olunur.

"Məhərrəm ayı və onuncu günü olan Aşura hicri 61-ci ildən şəhadət və hüzn günü kimi yad edilir. Aşura hadisəsində Müaviyə oğlu Yezidin göstərişi ilə Həzrət Peyğəmbərin (s) nəvəsi olan Cənnət cavanlarının ağası Həzrət İmam Hüseyn (ə) və onunla birgə ailəsi və vəfalı Əhli-Beyt tərəfdarları Kərbəla çölündə amansızcasına susuz şəhid edilmiş, ailələri əsir alınmış, məşəqqətlərə məruz qalmışdır. Bununla yanaşı, İmamın (ə) dinin yaşaması və haqq-ədalət naminə şəhadəti bəşəriyyət və insanlıq üçün mənəvi kamillik, dirçəliş nümunəsidir. Odur ki, İmam Hüseyn (ə) əzadarlığı və məhərrəmlik məktəbi ölkəmizdə də bədbinlik və ümidsizliyə deyil, dini dəyərlər, haqq və ədalət uğrunda müdafiəyə qalıxmaq və dəyərlər uğrunda fədakarlıq örnəyidir.

Bu il mövcud pandemiyadan dolayı məhərrəmliyin əza məclislərini məscidlərin həyətində, açıq yerlərdə keçirmək tövsiyə olunur. Keçirilən məclislərdə müəyyən tövsiyə və tələblərə əməl etməklə yanaşı xəstə olan insanın iştirak etməməsi də məsləhət olunur.

Bölgələrdə və xüsusilə şəhər və rayonlarda təziyə məclisləri keçirilərkən ictimai asayişə mane olunmamalıdır.

Din xadimləri və mərsiyəxanlar İmam Hüseyn (ə) mübarizəsinin və Kərbəla faciəsinin mahiyyətini tarixi faktlara əsaslanaraq düzgün çatdırmalı, xurafatdan uzaq olmalıdırlar.

Əzadarlıq mərasimlərində dinimizin təyin etdiyi əxlaqi meyarlara da riayət olunmalıdır. Qurşağadək soyunmaqla zəncir vurmaq düzgün hesab olunmur.

Yaxşı olar ki, Aşura günü ehtiyacı olan xəstələr üçün İmam Hüseyn (ə) xatirinə könüllü qanvermə aksiyaları təşkil olunsun. Belə aksiyalar cəmiyyət tərəfindən də müsbət qarşılanmaqdadır".
Print Email
FaceBook Twitter Google