"Marneuli Dairə Seçki Komissiyasında "Mülki Platforma 20/20"-nin şikayəti müzakirə olunur

Marneuli 22 saylı Dairə Seçki Komissiyası “Mülki platforma 20/20”-nin şikayətinin müzakirəsi prosesindədir.


Marneuli 22 saylı Dairə Seçki Komissiyasının rəhbəri ərizələrin müzakirə vaxtını bildirmir, ancaq qeyd edir ki, şikayətçiyə qərarı yazılı şəkildə məktubla bildirəcəklər.

“Onun ərizələri müzakirə prosesindədir və cənab Qiorqiyə yazılı şəkildə cavab verəcəyik. Bizə müraciət olunan bütün məsələləri müzakirə edirik və müvafiq vaxt ərzində cavab göndəririk. Nəzərdə tutulmuş vaxt çərçivəsində cavabları verəcəyik”, – Marneuli 22 saylı Dairə Seçki Komissiyasının rəhbəri Ani İluridze bildirdi.

Marneuli 22 Dairə Seçki Komissiyasına birinci şikayət “Mülki Platforma 20/20”-nin müşahidəçisi Qiorqi Mumladze tərəfindən 21 sentyabr tarixində verilib. Qaydaya əsasən bu gün ərizəyə cavab verilməli idi. Məsələ 20 sentyabr tarixində “Gürcü Arzusu”-nun majoritar deputatlığa namizədinin Saimerlo kəndində əhali ilə görüşü ilə bağlıdır. Görüşdə Dairə Seçki Komissiyası tərəfindən seçilmiş Məntəqə Seçki Komissiyasının beş müstəqil üzvü iştirak edirmiş. Bu isə Seçki Məcəlləsinin tələblərinin pozulması deməkdir.

Mumladze 22 sentyabr tarixində Dairə Seçki Komissiyasına “Mülki Platforma 20/20”-nin adı ilə daha bir ərizə verib. Mumladzenin sözlərinə görə, Marneuli Dairə Seçki Komissiyası tərəfindən 33 saylı seçki məntəqəsinə seçilmiş neytral üzv Fərman Əlləzov “Gürcü Arzusu”-nun majoritar deputatlığa namizədi Zaur Darğallının 19 sentyabr tarixində Sadaxlıda əhali ilə keçirdiyi görüşdə iştirak edirmiş.

Gürcüstan Seçki Məcəlləsinə əsasən seçkiqabağı təbliğatda qanunu pozaraq iştirak etmək 2000 lari dəyərində cəriməyə səbəb olur. Həmçinin, bu hal səlahiyyətlərin dayandırılmasına da əsas ola bilər.

 

Print Email
FaceBook Twitter Google