Qeyri-hökumət təşkilatı nümayəndələri İmirhəsəndə əhali ilə görüşüblər
Bu gün, 23 sentyabr tarixində “Mülki cəmiyyətin inkişafı və vətəndaşların iştirakı” proqramı çərçivəsində Bolnisi bələdiyyəsinin İmirhəsən (Savaneti) kəndində qeyri-hökumət təşkilatı sektorunun və mülki cəmiyyət nümayəndələrinin sakinlərlə görüşü keçirilib.

“Mülki cəmiyyətin inkişafı və vətəndaşların iştirakı” proqramının nümayəndəsi Tamar Qurçiani “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, proqramın məqsədi kənd əhalisinə problemlərin həllində kömək etməkdir.

“Biz hər il kəndlərdə belə toplantılar keçiririk. Bugünkü görüşdə müxtəlif təşkilat nümayəndələri, o cümlədən “Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyası”, “Salam” platforması, EMC, Xalq Müdafiəçisinin Kvemo Kartli regionundakı nümayəndəsi, Marneuli Mülki Məşğuluq Mərkəzinin nümayəndəsi və s. iştirak edirdi. Bu təşkilatlar, həmçinin, Rustavidən və Kaxetidən gəlmiş “Bilik kafesinin” fəalları əhali ilə görüşdü. Onlar əhali ilə öz təcrübələrini bölüşdülər və onların problemləri barədə müzakirələr etdilər”, – Tamar Qurçiani dedi.

Qurçianinin sözlərinə görə, Marneuli kəndlərində də bu kimi görüşlər keçiriləcək.

“Bilik kafesinin” təsisçilərindən Nana Baqalişvili “Marneuli” radiosuna bildirdi ki, Gürcüstan miqyasında işləyən qeyri-hökumət təşkilatları Savanetiyə yerlilərə kənddəki yaşam tərzinin yüngülləşdirilməsində dəstək olmaq üçün gəliblər.

“Burada yaşayan adamlar bilməlidir ki, ölkə miqyasında çox sayda ağıllı adamlar və təcrübəli təşkilatlar var ki, onlara kənd həyatının daha da yaxşı olmasında kömək edə bilər. Əsas odur ki, özləri səslərini çıxarsınlar və onları nə narahat etdiyini desinlər. Bu toplantı məhz ümumi problemləri bölüşmək üçün bir cəhddir”, – Nana Baqalişvili bildirdi.

Təşkilat nümayəndələri ilə görüş zamanı İmirhəsən əhalisi kənddəki çirkli ətraf mühit, suvarma suyunun olmaması və infrastruktur problemlərini diqqətə yetiriblər.

Kənd əhalisi bu cür görüşlərin keçirilməsini müsbət qarşılayırlar.

"Marneuli" Radiosu
Print