Dolların bahalaşmasının Marneulili sahibkarların bizneslərinə təsiri – (Sorğu-Video)
Lari artıq bir neçə ildir ki, dollara nisbətən ucuzlaşır. Son zamanlar dolların qiymətində kəskin şəkildə artım müşahidə olunur.
Heç kim dolların qiymətinin hansı tarixə qədər necə olacağını bilmir. Pandemiya dövründə Gürcüstanda iqtisadi vəziyyət gərginləşib.

İqtisadi dildə danışmasaq, dolların bahalaşması adi vətəndaşların gündəlik həyatını necə dəyişir. Marneuli iqtisadiyyatı üçün ən strateji yer Marneuli bazarıdır. Orada işləyən kiçik sahibkarlar dolların qiymətinin artmasının işlərinə təsirini necə qiymətləndirirlər? Müsahibə zamanı həm satıcılar, həm də alıcılar dolların bahalaşması ilə bağlı kameraya danışmaqdan çəkindilər. Amma şəxsi söhbət zamanı onlar dolların bahalaşmasının gündəlik həyat tərzlərinə göstərdiyi ziyandan danışdılar.

Dolların qiymətinin şəxsi bizneslərinə mənfi təsir göstərdiyini və satdıqları məhsulların, qızıl və paltarların bahalaşdığını bildirdilər.

“Artım yoxdur, alver yoxdur. Toy yoxdur, alıcı necə olsun?! Əlbəttə, dolların bahalaşması da təsir etdi.”

“Qızıl da bahalaşdı. Dollar bahalaşanda yaxşı olmur. Tək qızıl deyil ki, ölkədə hər şey bahalaşır.”

“Əvvəl ayaqqabını 25-ə satırdım, indi 28-ə satıram. Alan da yoxdur. Ucuz satsaq, ucuz da alardılar. İndi baha satırıq deyə alan da yoxdur.”

“Dolların bahalaşmasını kim istəyirdi ki?! Hər şeyə də ziyandır. Alış-veriş edirik, hər şeyin qiyməti bahalaşıb. Heç nə satmaq, nə də ki, almaq olmur.”

“Əlbəttə ki, dolların bahalaşması hər birimizə çox ziyan etdi. Onsuz da müştərimiz yox idi. İndi hər şey bahalaşdı, toylar da olmur deyə müştəri də gəlmir.”
– Marneulili sakinlər deyirlər.

Müştərinin az olmasından şikayətlənən satıcıların sözlərinə görə, dollarla yanaşı toyların qadağan olunması da onların biznesinin zəifləməsinə səbəb olub. Onlar qiymətlərin bahalaşmasına və ölkədə toyların qadağan olunmasına görə müştərilərin də sayının azaldığını deyirlər.


Print Email
FaceBook Twitter Google