Rusiya Dövlət Dumasının çərşənbə axşamı keçiriləcək iclasında
Dağlıq Qarabağdakı son vəziyyətlə bağlı hərbi əməliyyatların
dayandırılmasına və münaqişənin sülh yolu ilə nizamlanması üçün
vasitəçilik edilməsinə dair hazırlanmış bəyanat layihəsinə
baxılacaq.
Marneulifm-in APA- ya istinadən verdiyi xəbərə görə, bəyanat
layihəsi Dumanın MDB üzrə Avrasiyaya inteqrasiya və həmvətənlərlə
əlaqələr komitəsi tərəfindən hazırlanıb.
Layihədə alt palatanın deputatları tərəfindən münaqişə zonasında
çoxsaylı insanların ölümünə səbəb olan vəziyyətin kəskin
gərginləşməsindən ciddi narahatlıqları əks edilib, tərəflərin güc
tətbiq etməsi kəskin şəkildə qınanılıb:
“Dövlət Duması dərhal atəşkəsə ehtiyac
olduğunu, bölgədə qarşıdurmanın artmasının qarşısının alınmasını və
vəziyyətin sülh yolu ilə həllinə alternativ olmadığını elan etmək
niyyətindədir. Dövlət Dumasının deputatları tərəfləri danışıqlar
prosesinə ən qısa müddətdə qayıtmağa çağırır və vəziyyəti
sabitləşdirmək üçün vasitəçilik göstərməyə hazırdırlar”.
Mənbə: apa.az