“SOCAR Georgia Gas” şirkəti İlməzlidə qazpaylayıcı şəbəkənin tikintisinə başlayıb
“SOCAR Georgia Gas” şirkəti Marneuli rayonunun İlməzli kəndində 13 145 metr uzunluğunda qazpaylayıcı şəbəkənin tikintisinə başlayıb. Qazpaylayıcı şəbəkənin tikintisi bir neçə yaşayış məntəqəsini əhatə edəcək.

Tikintinin başlaması ilə əlaqədar olaraq Azərbaycan Dövlət Neft şirkətinin prezidenti Rövnəq Abdullayev, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev, Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexiaşvili, Parlamentin deputatları Ruslan Hacıyev, Savalan MirzəyevMahir Dərziyev, Marneuli-Qardabani seçki dairəsindən majoritar deputatlığa namizəd Zaur Darğallı, Marneuli merinin səlahiyyətlərini icra edən Zaur Tabatadze, Marneuli bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze və digər rəsmi şəxslər iştirak ediblər.

Layihənin reallaşdırılması nəticəsində şirkətin potensial abunəçilərinin sayı 227 nəfər artacaq. “SOCAR Georgia Gas” şirkəti 2020-ci ildə ümumilikdə 15 yaşayış məntəqəsində uzunluğu 129 km olan qazpaylayıcı şəbəkənin tikintisini başa çatdırmağı planlaşdırır. 15 yaşayış məntəqəsinin 13-ü Kvemo Kartlidə, ikisi isə Msxeta-Mtianetidədir. Bu tikinti başa çatdıqdan sonra potensial abunəçilərinin sayı 2 483 nəfər artacaq.

Bu gün həmçinin Dmanisi rayonunun Yırğançay kəndində təbii qazın verilməsinə də başlanılıb.

Layihə sayəsində 496 yeni abunəçi qaz şəbəkəsinə qoşulub.

Print Email
FaceBook Twitter Google