Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) öz sosial məsuliyyətini
anlayır.
Bunu SOCAR prezidenti Rövnəq Abdullayev Gürcüstanda səfəri
çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu gün SOCAR Gürcüstan hökuməti ilə birlikdə
böyük sosial layihələr həyata keçirir:
“Gürcüstan
hökumətinə bizə sosial layihələrimizi və investisiyalarımızı həyata
keçirmək üçün imkan yaratdığı üçün minnətdaram. Belə bir sosial
investisiyalardan biri də Qabalı kəndindəki uşaq
bağçasıdır”.
Şirkət rəhbəri bildirib ki, SOCAR bu illər ərzində Gürcüstanda
təkcə sosial sahələrə 100 milyon ABŞ dollarına qədər investisiya
yatırıb:
“Bu investisiyalar SOCAR-ın Gürcüstandakı
fəaliyyəti nəticəsində əldə etdiyi gəlirlər nəticəsində həyata
keçirilib”.
O, SOCAR-ın Gürcüstanda bu işlərin rahat şəkildə həyata keçirməsi
üçün hər bir şəraitin yaradıldığı üçün hökumətə minnətdarlığını
bildirib.
R.Abdullayev qeyd edib ki, möhtərəm Azərbaycan Prezidentinin şirkət
qarşısında qoyduğu əsas vəzifələrdən biri Gürcüstanda yaşayan
soydaşlarımızın inkişafı üçün onların imkanlarının
genişləndirməkdir:
“Bu işdə də biz aktiv işləyirik və
çalışırıq. Gürcüstan hökuməti də bu işdə bizə əlindən gələn köməyi
əsirgəmir”.
Qeyd edək ki, SOCAR Gürcüstan iqtisadiyyatına sərmayələr yatırmağa
2006-cı ildən başlamış və ötən müddətdə minlərlə yeni iş yerləri
yaradıb. Hazırda SOCAR-ın Gürcüstanda Kulevi Neft Terminalı,
qazpaylayıcı şəbəkəsi və yanacaqdoldurma məntəqələri fəaliyyət
göstərir. Şirkət kommersiya fəaliyyəti ilə yanaşı, Gürcüstanda
müxtəlif sosialyönümlü layihələri də həyata keçirir. Bu layihələrin
bir hissəsi Gürcüstanda yaşayan soydaşlarımızın sosial-iqtisadi
vəziyyətinin yaxşılaşdırılmasına və cəmiyyətə daha effektli
inteqrasiya olunmasına yönəlidilir. “SOCAR Georgia” şirkəti,
2008-ci ildən etibarən Gürcüstanın dövlət universitetlərində təhsil
alan və bu ölkənin vətəndaşı olan azərbaycanlıların təhsil
haqlarını ödəyir. Artıq bu tələbələrin sayı 2 min nəfərə çatıb.
Şirkət 2013-2017-ci illər ərzində Gürcüstanın dövlət
universitetlərində təhsil alan 120 azərbaycanlı əlaçı tələbəyə
təqaüd də verib.
Mənbə: report.az