"Münaqişə Ermənistandakı millətçilər tərəfindən
maliyyələşdirilən Dağlıq Qarabağdakı separatçılar Azərbaycandan
ayrılmaq üçün plana start verəndən sonra başladı. Sovet İttifaqı
vaxtında onlar bunu qanuni baxımdan edə bilmirdilər. Ona görə də
onlar Dağlıq Qarabağ ərazisində və Ermənistan ərazisində poqromlara
başladılar".
Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Fransanın “Figaro” qəzetinə müsahibəsində deyib.
Dövlət başçısı qeyd edib ki, müharibə və toqquşmaların ilk
qurbanları Dağlıq Qarabağdakı azərbaycanlılar oldu:
"Dağlıq Qarabağda, əsasən Şuşada, eləcə də paytaxt
Xankəndidə yaşayan 40 min azərbaycanlı tamamilə etnik təmizələməyə
məruz qaldı. Sonra Ermənistanda yaşayan 250 min azərbaycanlı, -
onların çoxu qətlə yetirildi, - hamısı etnik təmizləməyə məruz
qaldı, qovuldu. Həmin toqquşmalar hər yerdə - İrəvanda,
Ermənistanın başqa şəhərlərində, Dağlıq Qarabağda baş verirdi. Ona
görə də bu, insanların barışa bilməməsi üçün bir növ səbəb
olmamalıdır. Avropada Fransa və Almaniya arasında neçə dəfə
müharibə baş verib? Neçə dəfə digər ölkələr müharibə edib? 30 və ya
40 milyon adamın ölümünə səbəb olmuş İkinci Dünya müharibəsi var
idi. Lakin 20 ildən sonra Qərbi Almaniya və Sovet İttifaqı arasında
yaxşı münasibətlər quruldu və indi heç kim bunu xatırlamır. Sivil
dünyada bu, belə olmalıdır. Problem ondadır ki, Ermənistanda nifrət
aşılanır. Onlar Türkiyəyə və Azərbaycana qarşı tarixi nifrət
aşılayırlar.
Ermənistanın sabiq prezidenti Köçəryan açıq şəkildə bəyan etdi ki,
azərbaycanlılar və ermənilər birlikdə yaşaya bilməzlər. Lakin
baxın, onlar məsələn, Gürcüstanda necə birlikdə yaşayırlar.
Gürcüstanın bəzi kəndlərində azərbaycanlılar və ermənilər yanaşı
yaşayırlar. Rusiyada da eyni şəkildə. Azərbaycanda minlərlə erməni
yaşayır. Niyə bu, Dağlıq Qarabağda mümkün deyil? Düşünürəm ki,
müharibənin vurduğu yaraları siyasi müdriklik, siyasi iradə ilə
sağaltmaq lazımdır. Münaqişənin bu aktiv, qaynar fazası dayanandan
sonra hər iki tərəfin bu yaraları sağaltmaq məqsədilə hər şeyi
etmək üçün böyük töhfə verməsinə ehtiyac var".
Mənbə: report.az