Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev yanvarın 15-də bu
ölkənin Avropa İttifaqı-Gürcüstan Biznes Şurasının baş katibi,
səfir Zviad Çumburidze ilə görüşüb.
Bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat
verilib.
Bildirilib ki, görüşdə iki ölkə arasında iqtisadi, ticarət,
qarşılıqlı investisiya əlaqələrinin, eləcə də yeni əməkdaşlıq
imkanlarının genişləndirilməsi və sair məsələlər müzakirə
olunub.
Söhbət zamanı ölkələrimizin işgüzar dairələri, o cümlədən
Gürcüstanda Azərbaycanlı İş Adamları Birliyi (AZEBİ) ilə Avropa
İttifaqı-Gürcüstan Biznes Şurası arasında əlaqələrin inkişafından
məmnunluq ifadə edilib.
İşgüzar dairələr arasında qarşılıqlı səfərlərin və tədbirlərin
intensivləşdirilməsinin vacibliyi qeyd olunub, ötən il martın 5-də
Tbilisidə keçirilmiş Gürcüstan-Azərbaycan biznes forumunun
əhəmiyyəti vurğulanıb.
Gələcəkdə bu kimi forumların mütəmadi olaraq təşkili ilə bağlı
fikir mübadiləsi aparılıb.