Marneulinin 34 934 100 larilik 2021-ci il büdcəsi 23 dəqiqə ərzində təsdiqlənib
Bu gün, 26 yanvar tarixində Marneuli Bələdiyyə Məclisi 2021-ci ilin yerli büdcəsini təsdiqləyib.
Bələdiyyə Məclisinin iclasında büdcənin təsdiqlənməsi prosesi 23 dəqiqə davam edib.

Büdcəni iki deputat, “Avropalı Gürcüstan”-ın üzvü Əhməd İmamuliyev və “Milli Hərəkat”-ın üzvü Azad Kərimov dəstəkləməyib.

Əhməd İmamquliyev “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, Marneulinin 2021-ci il büdcəsi əhalinin iştirakı olmadan tərtib olunub və onun məqsədi gələcək yerli özünüidarə seçkilərində “Gürcü Arzusu”-na səs toplamaqdır.

“Əsasən Marneuli bələdiyyəsinin bütün icmalarında əhali və majoritar deputatlar da bizim nə təklif etdiyimizi bilmir. Mən hesab edirəm ki, bu büdcə əhali üçün deyil, bu büdcə həmişə olduğu kimi seçki kampaniyasıdır. Əsasən yolların çəkilməsi, küçələrin işıqlandırılması və digər infrastruktur layihələri kimi məsələlər nəzərə alınıb. Mən hesab edirəm ki, büdcədə təhsil, idman və əlbəttə səhiyyə sahəsi üçün daha çox pul ayrılmalı idi”, – Əhməd İmamquliyev bildirdi.

“Avropalı Gürcüstan”-ın üzvü kimi “Mili Hərəkat”-ın üzvü və Bələdiyyə Məclisinin deputatı Azad Kərimov da hesab edir ki, 2021-ci ilin büdcəsi “Gürcü Arzusu”-nun maraqlarına xidmət edir.

“2021-ci ilin büdcəsi Marneuli sakinləri üçün deyil, “Gürcü Arzusu”-nun maraqları üçün hazırlanıb. Bu günə qədər olduğu kimi, indi də Marneuli büdcəsi məqsədyönlü şəkildə xərclənmir. Marneuli əhalisi büdcə ilə əlaqədar heç bir prosesə qoşulmamışdı və əhalidən heç nə soruşmadılar. Həmişə bir iki nəfər qərar qəbul edir və ona görə də bələdiyyədə çox sayda problem mövcuddur”, – Azad Kərimov dedi.

Sadaxlı ərazi vahidliyinin majoritar deputatı Rövşən İsgəndərov Marneuli bələdiyyəsinin 2021-ci il büdcəsini dəstəklədi. Ancaq o, büdcənin təqdim olunması zamanı qeydlərini bildirdi. Onun sözlərinə görə, 2021-ci ilin büdcəsinə Sadaxlı ərazi vahidliyində həyata keçiriləcək heç nə daxil edilməyib.

İsgəndərovun şərhinə Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze münasibət bildirdi. O, Sadaxlının majoritar deputatını laqeydlikdə ittiham etdi və bildirdi ki, büdcə tərtib olunan zaman İsgəndərov qeyd, təkliflərini təqdim etməyib.

Marneuli bələdiyyəsinin 2021-ci il büdcəsi 34 934 100 lari təşkil edir. Marneuli meriyasının Maliyyə-Büdcə Xidmətinin rəhbəri Vüqar Məmmədov bildirdi ki, 2021-ci ilin büdcəsi 2020-ci ilin büdcəsindən 6 200 000 lari artıqdır.

Print Email
FaceBook Twitter Google