Bu gün, 26 yanvar tarixində Marneuli Bələdiyyə Məclisi 2021-ci ilin
yerli büdcəsini təsdiqləyib.
Bələdiyyə Məclisinin iclasında büdcənin təsdiqlənməsi prosesi 23
dəqiqə davam edib.
Büdcəni iki deputat, “Avropalı Gürcüstan”-ın üzvü Əhməd İmamuliyev
və “Milli Hərəkat”-ın üzvü Azad Kərimov dəstəkləməyib.
Əhməd İmamquliyev “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi
ki, Marneulinin 2021-ci il büdcəsi əhalinin iştirakı olmadan tərtib
olunub və onun məqsədi gələcək yerli özünüidarə seçkilərində “Gürcü
Arzusu”-na səs toplamaqdır.
“Əsasən Marneuli bələdiyyəsinin bütün icmalarında əhali
və majoritar deputatlar da bizim nə təklif etdiyimizi bilmir. Mən
hesab edirəm ki, bu büdcə əhali üçün deyil, bu büdcə həmişə olduğu
kimi seçki kampaniyasıdır. Əsasən yolların çəkilməsi, küçələrin
işıqlandırılması və digər infrastruktur layihələri kimi məsələlər
nəzərə alınıb. Mən hesab edirəm ki, büdcədə təhsil, idman və
əlbəttə səhiyyə sahəsi üçün daha çox pul ayrılmalı
idi”, – Əhməd İmamquliyev bildirdi.
“Avropalı Gürcüstan”-ın üzvü kimi “Mili Hərəkat”-ın üzvü və
Bələdiyyə Məclisinin deputatı Azad Kərimov da hesab edir ki,
2021-ci ilin büdcəsi “Gürcü Arzusu”-nun maraqlarına xidmət
edir.
“2021-ci ilin büdcəsi Marneuli sakinləri üçün deyil,
“Gürcü Arzusu”-nun maraqları üçün hazırlanıb. Bu günə qədər olduğu
kimi, indi də Marneuli büdcəsi məqsədyönlü şəkildə xərclənmir.
Marneuli əhalisi büdcə ilə əlaqədar heç bir prosesə qoşulmamışdı və
əhalidən heç nə soruşmadılar. Həmişə bir iki nəfər qərar qəbul edir
və ona görə də bələdiyyədə çox sayda problem
mövcuddur”, – Azad Kərimov dedi.
Sadaxlı ərazi vahidliyinin majoritar deputatı Rövşən İsgəndərov
Marneuli bələdiyyəsinin 2021-ci il büdcəsini dəstəklədi. Ancaq o,
büdcənin təqdim olunması zamanı qeydlərini bildirdi. Onun sözlərinə
görə, 2021-ci ilin büdcəsinə Sadaxlı ərazi vahidliyində həyata
keçiriləcək heç nə daxil edilməyib.
İsgəndərovun şərhinə Marneuli Bələdiyyə Məclisinin sədri Amiran
Qiorqadze münasibət bildirdi. O, Sadaxlının majoritar deputatını
laqeydlikdə ittiham etdi və bildirdi ki, büdcə tərtib olunan zaman
İsgəndərov qeyd, təkliflərini təqdim etməyib.
Marneuli bələdiyyəsinin 2021-ci il büdcəsi 34 934 100 lari təşkil
edir. Marneuli meriyasının Maliyyə-Büdcə Xidmətinin rəhbəri Vüqar
Məmmədov bildirdi ki, 2021-ci ilin büdcəsi 2020-ci ilin büdcəsindən
6 200 000 lari artıqdır.