“Gürcüstan ərazilərini işğalda saxlayan ölkənin də
təmsil olunduğu sülh platformasında iştirak
etməyəcək”.
Bunu Gürcüstan xarici işlər nazirinin müavini Aleksandr
Xvtisiaşvili Rusiya xarici işlər nazirinin bəyanatına münasibət
bildirərkən deyib.
Nazir müavini qeyd edib ki, regional sülh platforması ilk növbədə
Azərbaycan, Gürcüstan və Ermənistan arasında dialoq və əməkdaşlıq
çərçivəsində təsis edilməlidir:
“Biz regionda sülh və stabilliyə böyük önəm veririk.
Bu, Cənubi Qafqazın davamlı inkişafı üçün başlıca şərtdir. Müvafiq
olaraq, Gürcüstan ölkəmizin və regionumuzun təhlükəsizliyi və
çiçəklənməsi məqsədi daşıyan addımları dəstəkləyir. Bu baxımdan,
sülh platformalarının qurulması olduqca önəmlidir. Bu platformalar
hər şeydən öncə Cənubi Qafqazın üç ölkəsi olan Gürcüstan,
Azərbaycan və Ermənistan arasında dialoq və əməkdaşlıq çərçivəsində
yaradılmalıdır. Bu vacib regional layihələrin və əməkdaşlığın
inkişafı üçün başlıca şərtdir. Bildiyiniz kimi, Gürcüstan
Azərbaycan və Ermənistan arasında silahlı münaqişə alovlandığı
zaman bu təkliflə çıxış etmişdi. Ötən gün açıqlanan geniş regional
sülh platforması təşəbbüsünə gəlincə isə Gürcüstan öz ərazilərini
işğalda saxlayan dövlətin də təmsil olunduğu platformada iştirak
etməyəcək. Bizim mövqeyimiz budur ki, istənilən əməkdaşlıq
platforması qarşılıqlı hörmət, suverenlik və iştirakçı ölkələrin
ərazi bütövlüyünə əsaslanmalıdır. Ona görə də biz inanırıq ki, belə
təşəbbüs işğalın başa çatdırılması üçün müvafiq addımlar atılanadək
uğurlu olmayacaq”.
Mənbə: apa.az