Gürcüstanda Azərbaycanla sərhəddə yerləşən “Laqodexi”
gömrük-buraxılış məntəqəsində yeni infrastrukturun inşası intensiv
rejimdə aparılır.
Bu barədə Gürcüstanın Maliyyə Nazirliyindən bildirilib.
Vergilər Xidmətinin rəis müavini Vladimir Xundadze və Gömrük
Xidmətinin rəhbəri Zurab Siçinava bərpa işləri ilə yerində tanış
olublar.
Layihə çərçivəsində yük, sərnişin və minik avtomobillərinin gömrük
nəzarəti üzrə xüsusi müasir avadanlıqlarla təchiz olunan 6 çıxış
qurulacaq. İşlər 21 min kvadrat metr sahəni əhatə edir. Ərazi tam
təmir olunacaq, yeni yeraltı kommunikasiya, drenaj sistemi
qurulacaq, yeni yol örtüyü çəkiləcək və xarici işıqlandırma
qurğuları quraşdırılacaq. Bərpa işlərinə 40 vətəndaş cəlb olunub.
Altı aydan sonra istifadəyə verilməsi planlaşdırılan məntəqədə 35
gömrükçü çalışacaq.
Z.Siçinava bildirib ki, gömrük infrastrukturunun inkişafı Gürcüstan
üçün əsas prioritetlərdən biridir. Onun sözlərinə görə, yeni
infrastruktur sərnişinlərin rahat və qısa zamanda xidmət almalarını
təmin edəcək və “Qırmızı körpü” məntəqəsini intensiv yük və
sərnişin axınlarından azaltmağa imkan verəcək:
“Yenilənən gömrük məntəqəsinin istifadəyə verilməsi
bölgənin sosial-iqtisadi inkişafına imkan yaradacaq, həmçinin
ölkənin tranzit axınını artıracaq və yerli sakinlərin məşğulluğunu
təmin edəcək. Eyni zamanda Gürcüstan və Azərbaycan ərazisindən
beynəlxalq daşımaların inkişafına da əhəmiyyətli töhfə
verəcək”.
Qeyd edək ki, yenidən qurulacaq “Laqodexi” məntəqəsi gün ərzində
600-ə yaxın yük maşını və 10 min sərnişinə xidmət göstərə
biləcək.
Mənbə: report.az