Gürcüstanın baş naziri Ramazan Bayramı günü dini rəhbərlərlə görüşüb
Bu gün, 13 may tarixində Gürcüstanın Baş Naziri İrakli Qaribaşvili Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) dini rəhbərləri və əməkdaşları ilə görüşüb. Hökumət Administrasiyasının binasında keçirilən görüşdə Baş Nazir öncə müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.

"Bu gün böyük bir bayram gündür. Çünki bu bayram xeyirxahlığı, mərhəməti tərnnüm edir. Hamınızı böyük hörmət, sevgi və səmimiyyətlə Ramazan bayram münasibətilə ürəkdən təbrik edirəm”,
– Qaribaşvili deyib.

Baş nazir həmçinin pandemiyaya görə müsəlman icması ilə sıx görüşə bilmədiyindən təəssüfləndiyini, gələcəkdə mütəmadi olaraq yaxından görüşəcəyini bildirib. Eyni zamanda ölkə vətəndaşlarının Gürcüstanın rifahı, bütövlüyü və inkişafı yolunda əl-ələ verərək xidmət göstərdiklərini söyləyib.

Görüşdə Gürcüstan Müsəlmanları İdarəsinin dini rəhbərləri hökumət başçısına təbrik və xoş arzularına görə təşəkkür ediblər.

BGMİ-nin şeyxi Hacı Ramin İgidov, Qərbi Gürcüstan üzrə müfti Hacı Adəm Şantadze və Şərqi Gürcüstan üzrə müfti Hacı Etibar Eminov dövlətin müsəlman icmasına göstərdikləri diqqət və dəstəyi yüksək qiymətləndirdiklərini dilə gətirib, müsəlmanların dinlərini azad şəkildə yaşadıqlarını vurğulayıblar.

Sonra ölkədə müsəlmanları dini zəmində narahat edən müəyyən məsələləri, o cümlədən, ibadət yerinə ehtiyac olan bəzi yerlərdə yeni məscidlərin tikilməsi üçün yerli özünüidarə orqanları tərəfindən yaradılan süni maneələr, tarixi məscidlərin statusu və abadlaşdırılmasına ehtiyacın olması, məscidlərin qeydiyyatı sahəsindəki problemlərə toxunublar. Həmçinin Marneulidə dini təhsil ocağı qəza vəziyyətində olduğundan onun yerində yenidən inşası nəzərdə tutulan binanın tikilməsinə icazə verilməməsi, yüksək səviyyədə dini təhsil mərkəzinə olan tələbat, BGMİ-nin özəl idarə binasına olan ehtiyac, cəzaçəkmə müəssisələrində müsəlmanların rahat ibadətlərini yerinə yetirmək və dini inanclarının yaşaması yönündə müəyyən ehtiyaclarının təmini, müsəlman icmasına ayrılan vəsaitin artırılması və digər məsələlər Baş nazirin nəzərinə çatdırılıb.

Dini zəmində olan problemləri diqqətlə dinləyən hökumət başçısı Dini Məsələlər üzrə Dövlət Agentliyinə yaxın zamanda bu məsələlərlə maraqlanması və mərhələli şəkildə həll olunması yönündə öz tapşırıqlarını verib.

Görüşün sonunda xatirə şəkli çəkdirilib, Baş nazirə ölkənin tarixi yerlərini əks etdirən rəsm əsərləri hədiyyə edilib.

მე მინდა დიდი პატივისცემით და სიყვარულით მოგილოცოთ რამაზან-ბაირამის დღე, ეს არის სიყვარულის, სიკეთის და სითბოს დღე - ამ...

Posted by საქართველოს მთავრობა on Thursday, May 13, 2021


"Marneuli" Radiosu
Print