Tbilisidə “İslamda yardımlaşma mədəniyyəti” mövzusunda konfrans keçirilib
15 iyun tarixində Tbilisi şəhərində Gürcüstan Müsəlmanları
İdarəsinin təşkilatçılığı ilə “İslamda yardımlaşma mədəniyyəti”
mövzusunda konfrans keçirilib.
“Alulbeyt Dini Mədəniyyət Mərkəzi”ndə keçirilən konfransda səfirlik
nümayəndələri, din xadimləri, xeyriyyə sahəsində fəaliyyət göstərən
30-a yaxın fondun və dərnəyin rəhbərləri və media nümayəndələri
iştirak ediblər.
Tədbir Natiq Əliyevin Quran-Kərimdən ayələrin tilavəti ilə
başlayıb. Sonra konfransın moderatoru Vidadi Qurbanov konfransın
məqsəd və məramını açıqladı və çıxış üçün sözü Gürcüstan
Müsəlmanları İdarəsinin Şeyxi Hacı Ramin İgidova və İdarənin şərqi
Gürcüstan müftisi Hacı Etibar Eminova verib. Onlar ümumbəşəri sevgi
dini olan İslamın yardımlaşma ilə bağlı düşüncəsi və verdiyi önəm,
dinimizdə yardımlaşmanın növləri, fəziləti və əhəmiyyəti haqqında
ətraflı danışıblar.
Sonra Türkiyə səfirliyinin dini məsələlər üzrə müşaviri Ahmed
Erdem, İran İslam Respublikası Səfirliyinin Mədəniyyət Mərkəzinin
sədri Həmid Müstəfəvi, Əl-Mustafa ali təhsil mərkəzinin Gürcüstan
üzrə rəhbəri Həsən Yusifzadə, Gürcüstanın Azərbaycanlı İş Adamları
Birliyinin idarə heyətinin sədri Nəriman Qurbanov və başqaları
çıxış ediblər.
Çıxış edənlər öncə olduqca mühüm bir mövzu ətrafında konfrans
təşkil etdiyinə görə Gürcüstan Müsəlmanları İdarəsinə təşəkkür
ediblər. Sonra bu gün dünyada və ölkədə yoxsul və aztəminatlı
ailələrin olduğu bir dönəmdə İslamın İnfaq – yardımlaşma
mədəniyyətinə önəm vermənin vacibliyindən danışıblar.
Tədbirin sonunda xeyriyyə sahəsində fəaliyyət göstərən 30 yaxın
xarici və yerli fond və dərnəklər haqda qısa məlumat verilib,
onlara Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən fəxri fərmanlar
təqdim olunub. Onlara xeyirxah işlərində uğurlar arzu edilib.