Xəbərlər
Gürcüstan Azərbaycanlılarının İnteqrasiyası Mərkəzinə (GAİM) yeni icraçı direktor təyin olunub (VİDEO)
24 iyun tarixində Marneulidə yerləşən Gürcüstan Azərbaycanlılarının İnteqrasiyası Mərkəzinə (GAİM) yeni icraçı direktor təyin olunub.

"Marneuli" radiosu xəbər verir ki, bu vəzifəyə Marneulili gənc Orxan Pirverdiyev seçilib. O, bizimlə söhbəti zamanı gələcək planları barədə danışdı.

Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin məsul əməkdaşı Nəriman Əliyev GAİM tərəfindən görülən işləri yüksək qiymətləndirib.

O, həmçinin yeni layihələrlə bağlı fikirlərini bölüşüb, yeni icraçı direktora və kollektivə uğurlar arzulayıb.

Bu günə qədər mərkəzdə icraçı direktor vəzifəsini GAİM-in idarə heyətinin üzvü və həmtəsisçilərindən biri olan, şair, yazıçı, publisist, tərcüməçi Rafiq Hümmət tuturdu. O, bu vəzifəyə 2020-ci ildə təyin olunmuşdu. Rafiq Hümmətdən əvvəl isə bu vəzifəni Aygül İsyayeva icra edirdi. O, bu vəzifəyə 2019-cu ildə təyin olunmuşdu.

Qeyd edək ki, Gürcüstan Azərbaycanlılarının İnteqrasiyası Mərkəzi 2019-cu ilin 3 aprel tarixindən fəaliyyətə başlayıb. Mərkəzdə tələbələrə Azərbaycan dili, gürcü dili, ingilis dili, Gürcüstan, Azərbaycan və dünya tarixi, gimnastika və cüdo kursları, eləcə də müxtəlif tədbirlər, maarifləndirici görüşlər keçirilir. Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə yaradılan mərkəzin məqsədi Gürcüstan Azərbaycanlılarının inteqrasiyasına dəstək olmaqdır.

Orxan Pirverdiyev kimdir?

Orxan Pirverdiyev 23 may 1994-cü ildə Marneulidə anadan olub. O, ilk təhsilini Marneulidə yerləşən 2 saylı ictimai məktəbinin rus dilli bölməsində alıb. Orta təhsilini bitirdikdən sonra Pirverdiyev ali təhsilini Tbilisi Dövlət Universitetinin Beynəlxalq Əlaqələr fakültəsinin bakalavr dərəcəsində davam etdirib.

Daha sonra Texniki Universitetin magistr dərəcəsinə daxil olaraq, dövlət idarəçiliyi fakültəsini bitirib. Orxan Pirverdiyev Qafqaz Universitetində marketinq layihə meneceri, Gürcüstan bankında mikro kredit mütəxəssisi, TBC bankda biznes kredit mütəxəssisi və s. sahələrdə çalışıb. O, Gürcüstan prezident aparatında və digər yerli və beynəlxalq təşkilatlarda təcrübə keçib.

Orxan Pirverdiyev Azərbaycan, gürcü, rus, ingilis, ispan və türk dillərində bilir.

FaceBook Twitter Google