Türkiyədəki 107 yanğından 98-i nəzarət altına alınıb
“Son üç-dörd gün ərzində çoxlu yanğın qeydə alınıb. Bu zaman qeydə alınan 107 yanğından 98-i nəzarət altına alınıb. Doqquz yanğın davam edir”.

Bunu Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli bildirib.

Onun sözlərinə görə, təkcə Marmarısdakı yanğınların söndürülməsi üçün 3 təyyarə, 9 helikopter, 20 su tankeri və 529 şəxsi heyət cəlb edilib:

“Silifkedəki yanğın azalır, Adana şəhərindəki bütün yanğınlar nəzarətdədir. Orada baş verən üç yanğının hamısı təhlükəli idi. Bodrum və Milasdakı briqadaları hava qüvvələri ilə gücləndirərək bütün yanğınlardan müsbət nəticələr əldə etmək üçün səy göstərəcəyik”.

Türkiyənin kənd və meşə təsərrüfatı naziri Bekir Pakdemirli tvitterdəki hesabında onu da bildirib ki, Türkiyənin qərbindəki Bodrum şəhərində meşə yanğını nəzarət altına alınıb.

"Bodrumda yanğın nəzarət altına alındı. Soyutma işləri gedir", - deyə nazir, tvitində yazıb.


Mənbə: report.az
Print