Azərbaycan "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi
haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı
Beynəlxalq Ədalət Məhkəməsinə verib.
Bu barədə təşkilat məlumat yayıb.
"Ermənistan azərbaycanlılara qarşı milli və ya etnik
mənşəyinə görə bir sıra ayrı-seçkilik hərəkətləri edib və etməkdə
davam edir. İddiaçı (Azərbaycan-red.) Ermənistanın həm birbaşa, həm
də dolayı yolla etnik təmizləmə siyasətini davam etdirdiyini və
nifrəti qızışdırdığını bildirir, azərbaycanlılara qarşı etnik
zorakılıq, nifrət dolu ifadələrdən istifadə və irqçi təbliğat
hökumət səviyyəsində aparılır", - məlumatda
deyilir.
Azərbaycan tərəfi əlavə edir ki, son 10 ay ərzində tərəflərin
razılığa gəlmək cəhdləri çıxılmaz vəziyyət yaradıb. Bu səbəbdən də
Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsindən "İrqi ayrı-seçkiliyin
bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın
pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb etməyi, ölkəyə və
xalqa dəymiş ziyanı ödəməyi xahiş edir.
Müraciətdə məqsəd Ermənistanı konvensiyaya uyğun olaraq üzərinə
götürdüyü beynəlxalq öhdəliklərə riayət etməsinə məcbur etməkdir.
Bununla yanaşı, azərbaycanlıları Ermənistanın davam edən
davranışının səbəb olduğu zərərlərdən qorumaqdır. Belə olan
təqdirdə Azərbaycan məhkəmədən təcili olaraq müəyyən müvəqqəti
tədbirlər görülməsini xahiş edir.
Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi
Leyla Abdullayeva bir neçə gün bundan əvvəl ölkəmiz tərəfindən cari
ilin yanvar ayında Avropa İnsan Hüquqları Məhkəməsində Ermənistana
qarşı qaldırılan iddiaya əlavə olaraq, yaxın günlərdə Azərbaycanın
"İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında" Beynəlxalq
Konvensiyanın sistematik şəkildə pozulmasına görə Ermənistanı
məsuliyyətə cəlb etmək üçün məhkəməyə müraciət edəcəyini
bildirmişdi.
Mənbə: report.az