Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxış edib
11:45 / 24.09.2021
BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət
başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələri davam
edir.
Sentyabrın 23-də ümumi müzakirələr zamanı Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin videoformatda çıxışı
təqdim olunub.
Prezident İlham Əliyevin çıxışı
- Cənab Sədr.
Cənab Baş katib.
Hörmətli dövlət və hökumət başçıları.
Mən cənab Abdulla Şahidi BMT Baş Assambleyasının 76-cı sessiyasının
sədri seçilməsi münasibətilə təbrik edir, ona vəzifəsinin icrasında
uğurlar diləyirəm. Həmçinin qardaş Türkiyədən olan cənab Volkan
Bozkıra BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri qismində
liderliyinə görə dərin minnətdarlığımı bildirirəm.
COVID-19 pandemiyası bütün dünya üçün ciddi çətinliklər doğurmaqda
davam edir. Hökumətimiz ilk günlərdən əhalinin qorunması və
pandemiyanın mənfi təsirinin minimuma endirilməsi məqsədilə mühüm
və praktiki tədbirlər həyata keçirir.
Azərbaycan cari ilin yanvar ayının ortalarından peyvəndləmə
kampaniyasına başlayıb. Hər 100 nəfərə istifadə edilmiş vaksin
dozalarının həcmi 80 faizdən artıqdır.
COVID-19-un təsirinə məruz qalmış əhalinin və sahibkarlıq
subyektlərinin dəstəklənməsi üçün təqribən 2.7 milyard ABŞ dolları
həcmində sosial-iqtisadi paket təqdim edilib.
Düzgün planlaşdırılmış tədbirlərin həyata keçirilməsi nəticəsində
pandemiya ilə bağlı vəziyyət nəzarət altında saxlanılıb və
ölkəmizdə tətbiq olunmuş karantin rejimi tədricən yumşaldılıb.
Pandemiya ilə mübarizə sahəsində Azərbaycanın müfəssəl səyləri
beynəlxalq səviyyədə qəbul edilib. 2020-ci ildə Ümumdünya Səhiyyə
Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi
ölkə adlandırıb.
Azərbaycan bütün bu fəaliyyəti özünün maliyyə resursları hesabına
həyata keçirib. Biz, həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10
milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi, 30-dan artıq
ölkəyə koronavirusla mübarizənin dəstəklənməsi üçün humanitar və
maliyyə yardımı etmişik. Bundan əlavə, dörd ölkəyə təmənnasız
olaraq 150 min doza vaksin göndərmişik.
Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün daha güclü qlobal
həmrəyliyin tərəfdarıdır. Qoşulmama Hərəkatının sədri qismində
Azərbaycan bir sıra qlobal təşəbbüslər irəli sürüb. 2020-ci ilin
may ayında Azərbaycan Qoşulmama Hərəkatının Təmas Qrupu ölkələrinin
COVID-19 ilə mübarizəyə həsr edilmiş Zirvə toplantısını təşkil
etmişdir. Zirvə toplantısı zamanı mən Qoşulmama Hərəkatı adından
BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində
koronavirusla mübarizəyə həsr edilmiş xüsusi sessiyasının
keçirilməsini təklif etdim. Həmin təşəbbüs BMT-yə üzv olan 150-dən
artıq dövlət tərəfindən dəstəkləndi və 2020-ci il 3-4 dekabr
tarixlərində xüsusi sessiya baş tutdu. Təşəbbüslərimizi dəstəkləyən
BMT-nin Baş katibi cənab Antonio Quterreşə və bütün dövlətlərə
minnətdarlığımı bildirirəm.
Azərbaycan dəfələrlə açıq şəkildə peyvəndlərin zəngin ölkələr
tərəfindən öz ehtiyaclarından daha artıq miqdarda alınması ilə
bağlı öz narazılığını ifadə edib. Biz davam edən “peyvənd
millətçiliyi” və peyvəndlərə çıxışla əlaqədar inkişaf etmiş və
inkişaf etməkdə olan dövlətlər arasında dərinləşən
qeyri-bərabərliklə bağlı narahatlığımızı bir daha vurğulayırıq.
Belə hərəkətlər inkişaf etməkdə olan ölkələrin öz əhalisini
qorumasını əngəlləyir. Beynəlxalq hesabatlara əsasən, bu günə qədər
dünyada mövcud olan peyvənd dozalarının 75 faizindən çoxu 10 zəngin
ölkə tərəfindən alınıb, aşağı gəlirli ölkələrdə isə peyvəndlənmə 2
faizdən azdır.
Bu məsələyə beynəlxalq diqqətin cəlb edilməsi məqsədilə Azərbaycan
BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından bütün
ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin
edilməsinə dair qətnamə irəli sürüb və həmin qətnamə cari ilin mart
ayında yekdilliklə qəbul edilib.
Cari sessiya çərçivəsində Azərbaycan BMT Baş Assambleyasında eyni
mövzuda qətnamə layihəsini irəli sürməyi planlaşdırır.
Hesab edirik ki, COVID-19-dan sonra daha yaxşı bərpa üçün güclü,
əlaqələndirilmiş və məqsədyönlü qlobal addımlara ehtiyac var. Bu
mənada biz pandemiyadan sonrakı dövr üçün qlobal tədbirlərə dair
tövsiyələr hazırlayacaq BMT-nin COVID-19-dan sonra qlobal bərpa
üzrə Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif edirik.
Bu il Qoşulmama Hərəkatının yaradılmasının 60 illiyidir. Qoşulmama
Hərəkatının 120 üzvünün yekdil qərarı ilə Azərbaycan 2019-cu ilin
oktyabrında Bakıda keçirilmiş dövlət və hökumət başçılarının 18-ci
Zirvə toplantısında üç il ərzində Hərəkata sədrliyi öz üzərinə
götürmüşdür. Azərbaycan beynəlxalq ədalətin və beynəlxalq hüquq
normalarının təmin edilməsini, habelə Hərəkata üzv dövlətlərin
legitim maraqlarını güclü şəkildə müdafiə edir. Bu il Hərəkata üzv
dövlətlər Azərbaycanın sədrliyini daha bir il - 2023-cü ilin sonuna
qədər uzadılmasına dair yekdil qərar qəbul ediblər. Bu, bütün dünya
üçün çətin bir dövrdə Azərbaycanın Hərəkata uğurlu və səmərəli
şəkildə sədrlik etməsinin təsdiqi və yüksək qiymətləndirilməsinin
əlamətidir.
BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi
Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan dünyada
2030-cu il Gündəliyinin icrası ilə bağlı 3-cü Könüllü Milli
Hesabatını təqdim edən 12 ölkədən biri, öz regionunda isə ilk
dövlətdir.
Dayanıqlı İnkişaf Məqsədlərinin nailiyyət indeksi üzrə mümkün 100
xaldan 72.4 xal toplayan Azərbaycan regionda ən yaxşı nəticə
göstərərək 2021-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatında 165 ölkə
arasında 55-ci yeri tutmuşdur. Hesabatda Azərbaycanın yoxsulluğun
azaldılması, səhiyyə, qidalanma, qadınların əmək bazarında
iştirakı, təmiz su və sanitariya, enerjiyə əlçatanlıq, internet
istifadəsi, nəsli kəsilmək təhlükəsi olan canlıların mühafizəsi,
əhalinin rifahının yaxşılaşdırılması, şəhər və yaşayış
məntəqələrinin dayanıqlı inkişafı sahələrində əldə etdiyi tərəqqi
vurğulanır.
Azərbaycan Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat
dəhlizləri kimi regional əlaqələndirmə layihələrinin icrasında fəal
iştirak edir və bununla da Avrasiyanın əsas və etibarlı nəqliyyat
və logistika mərkəzlərindən birinə çevrilib. Biz Bakı Beynəlxalq
Ticarət Limanını istifadəyə vermişik ki, onun yükaşırma qabiliyyəti
15 milyon tona bərabərdir və ehtiyacdan asılı olaraq bu həcm 25
milyon tona qədər artırıla bilər.
Azərbaycan Paris İqlim Sazişini ratifikasiya etmiş, baza ili –
1990-cı illə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan
qazların emissiyalarının səviyyəsində 35 faiz azalma ilə bağlı öz
üzərinə könüllü öhdəlik götürmüşdür. Bununla yanaşı, biz Paris
Sazişi çərçivəsində 2050-ci il üçün şərti hədəflərin müəyyən
edilməsi imkanlarını araşdırırıq.
Hazırda ölkənin ümumi enerji istehsalında bərpa olunan enerjinin
payı 17 faiz təşkil edir. Hədəfimiz 2030-cu ilə qədər bu rəqəmi 30
faizə çatdırmaqdır. Növbəti 3-4 il ərzində ümumi gücü 700 meqavat
təşkil edəcək 3 külək və günəş elektrik stansiyalarının inşasına
sərmayə qoyuluşuna dair üç böyük beynəlxalq enerji şirkəti ilə
müqavilələr imzalanıb. Layihələrdən biri 44 günlük Vətən müharibəsi
zamanı Ermənistanın işğalından azad edilmiş Şərqi Zəngəzur
bölgəsində həyata keçiriləcək. Bu 240 meqavat gücündə günəş
elektrik stansiyası Azərbaycanın azad olunmuş ərazilərində ən böyük
birbaşa xarici sərmayə qoyuluşu layihəsi olacaqdır. Mən digər
beynəlxalq enerji şirkətlərini də Azərbaycanın azad olunmuş
ərazilərində yaşıl enerji layihələrinə sərmayə qoymağa dəvət
edirəm.
Mən azad edilmiş Qarabağı və Şərqi Zəngəzuru bu yaxınlarda Yaşıl
Enerji Zonası elan etmişəm. Azərbaycanın azad olunmuş ərazilərinin
7200 meqavat günəş enerjisi və 2000 meqavat külək enerjisi olmaqla
təsdiq edilmiş bərpa olunan enerji potensialı var.
Xam neft və qaz ixracı ilə yanaşı, Azərbaycan son illərdə elektrik
enerjisinin ixracatçısına çevrilib. Bu gün biz dörd qonşu ölkəyə
elektrik enerjisi ixrac edirik. Eyni zamanda, əhalimizin artması və
iqtisadi inkişaf ilə əlaqədar daxili enerji istehlakı da
artmaqdadır. Cari ilin 8 ayı ərzində Azərbaycanın qeyri-neft
sənayesi 18.4 faiz artmışdır.
Xanımlar və cənablar.
Azərbaycan xalqı öz kökünə, tarixinə, dilinə və ənənələrinə olduqca
bağlı bir xalqdır. Mən dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880
illik yubileyi münasibətilə bu ili “Nizami Gəncəvi İli” elan
etmişəm. XII əsrdə Nizami Gəncəvinin öz əsərlərində təbliğ etdiyi
sülh, ədalət, humanizm, azadlıq və bərabərlik kimi ideal və
dəyərlər BMT-nin təşviq və müdafiə etdiyi prinsiplərlə üst-üstə
düşür.
Biz Azərbaycanda multikulturalizmi bir həyat tərzi olaraq qoruyur
və dəstəkləyirik. Azərbaycan dünyada tolerantlığın, müxtəlif dini
və etnik qrupların nümayəndələrinin dinc birgəyaşayışının nümunəsi
sayılır. 2008-ci ildə Azərbaycanın təşəbbüsü ilə başlanılmış və
müsəlman dünyası ilə Avropa arasında dialoq və əməkdaşlığın
gücləndirilməsi məqsədini daşıyan “Bakı Prosesi” BMT tərəfindən
güclü şəkildə dəstəklənir. BMT Baş Assambleyasının qətnamələrində
Azərbaycanda müntəzəm olaraq təşkil olunan Mədəniyyətlərarası
Dialoq üzrə Ümumdünya Forumu “mədəniyyətlərarası dialoqun təşviqi
üçün mühüm qlobal platforma” olaraq tanınır.
Xanımlar və cənablar.
Ötən ilin sentyabrında BMT Baş Assambleyasındakı çıxışım zamanı mən
sizin diqqətinizi Azərbaycan ərazilərinin Ermənistan tərəfindən
işğalının davam etməsinə və Ermənistan hökumətinin təcavüzkar
bəyanatlarına və hərəkətlərinə yönəltdim. Bu gün qürur hissi ilə
deyirəm ki, Ermənistan döyüş meydanında məğlub edildi və Azərbaycan
işğala son qoydu.
Təqribən 30 il ərzində Ermənistan ölkəmizin ərazisinin 20 faizini
işğal altında saxlayırdı. İşğal müharibə cinayətləri və insanlıq
əleyhinə cinayətlərlə müşayiət olunub. Ermənistan 1992-ci ildə
Xocalı soyqırımını törədərək, yüzlərlə dinc insanı, o cümlədən 106
qadını və 63 uşağı qətlə yetirmişdir. 1275 azərbaycanlı əsir
götürülmüşdür, onların 150-si hələ də itkin hesab olunur. Xocalı
soyqırımı 13 ölkə tərəfindən tanınıb. Ermənistan tərəfindən həyata
keçirilən etnik təmizləmə nəticəsində bir milyondan çox
azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.
BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş
ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb
edirdi. Lakin Ermənistan bu və BMT Baş Assambleyası, İslam
Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası
Parlament Assambleyası və Avropa Parlamenti kimi beynəlxalq
təşkilatlar tərəfindən qəbul edilmiş bənzər qərarlara məhəl
qoymamışdır.
BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində
icra edildiyi halda, bizə gəldikdə 27 il icra olunmamış qaldı. Bu
isə ikili standartların bariz nümunəsidir. Selektiv yanaşmaya yol
verilməməsi üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası
mexanizminin yaradılması üçün səylərin birləşdirilməsinə ehtiyac
var.
ATƏT-in Minsk qrupu Ermənistan və Azərbaycan arasında münaqişənin
həllinə nail olmaq məqsədilə 1992-ci ildə təsis edilmişdir. ATƏT-in
Minsk qrupunun həmsədrləri Ermənistanı Azərbaycana qarşı hərbi
təcavüzə son qoymağa məcbur etmək üçün qətiyyətli addımlar
atsaydılar, onda üzərlərinə düşən vəzifələrin icrasına nail ola
bilərdilər. Münaqişə dövründə Ermənistan öz yanaşması və
hərəkətləri ilə nümayiş etdirirdi ki, onun yeganə məqsədi
status-kvonu saxlamaq və işğalı möhkəmləndirməkdir. Mən dəfələrlə
Ermənistana qarşı sanksiyaların tətbiq edilməsinin vacibliyi
məsələsini qaldırmışdım. Təəssüflər olsun ki, BMT Təhlükəsizlik
Şurasının qətnamələrinin icrasını təmin etmək üçün Ermənistana
qarşı beynəlxalq sanksiyalar tətbiq edilmədi.
2018-ci ildə Ermənistanda hərbi cinayətkarlar Köçəryan-Sarkisyan
rejimi devrildi. Bizim Ermənistanın yeni hökumətinin ciddi şəkildə
danışıqlarda iştirak edəcəyi ilə bağlı müəyyən ümidlərimiz var idi.
Biz Ermənistandan gələn istənilən müsbət siqnala cavab verməyə
hazır idik. 2018-2019-cu illər keçmiş təmas xəttində ən sakit
dövrlərdən biri idi. Lakin, Azərbaycanın müsbət addımlarına
baxmayaraq, Ermənistanda rejimin dəyişməsi real dəyişikliklərlə
nəticələnmədi. Ermənistanın yeni hökuməti də Azərbaycanla dinc
qonşuluq əvəzinə, işğalın davam etdirilməsi yolunu seçdi.
Münaqişənin son iki ili ərzində Ermənistan qəsdən danışıqlar
prosesini məhv etdi. Ermənistan hökuməti “Qarabağ Ermənistandır və
nöqtə” və “bir qarış belə işğal olunmuş torpaq qaytarılmayacaq”
kimi bir sıra təxribatçı bəyanat və hərəkətlərə yol verdi.
Ermənistanın o vaxtkı müdafiə naziri açıq şəkildə Azərbaycanı yeni
təcavüz və yeni işğal ilə hədələdi. Ermənistan qəbuledilməz və
əsassız “yeddi şərt” irəli sürərək, danışıqlar formatının
dəyişdirilməsi, danışıqlara sıfırdan başlanılması və Ermənistan
tərəfindən işğal edilmiş ərazilərdə yaradılmış qondarma rejimin
danışıqlar prosesinə cəlb edilməsini tələb etdi. Danışıqların
formatının və mahiyyətinin dəyişdirilməsi cəhdi Ermənistanın
məsuliyyətsiz və təhlükəli hərəkətləri səbəbindən fəaliyyəti iflic
olmuş ATƏT-in Minsk qrupunun həmsədrləri üçün xoşagəlməz sürpriz
oldu.
Bundan əlavə, Cenevrə konvensiyaları da daxil olmaqla, beynəlxalq
hüququn kobud şəkildə pozulması ilə Ermənistan açıq şəkildə
qanunsuz məskunlaşdırma siyasətini həyata keçirərək, əsasən Yaxın
Şərqdən olan erməni əsilli şəxsləri Azərbaycanın işğal olunmuş
ərazilərinə yerləşdirirdi. İllər ərzində hökm sürən cəzasızlıqdan
ruhlanan Ermənistan təcavüzün nəticələrini möhkəmləndirmək və
qanunsuz məskunlaşdırmanı sürətləndirmək üçün Ermənistandan işğal
olunmuş ərazilərimizə yeni yolun inşa ediləcəyini bəyan edirdi.
2020-ci ilin iyul ayında Ermənistan Azərbaycanla dövlət sərhədi
boyu hərbi təxribat törətdi. Azərbaycanın Tovuz rayonu
istiqamətində açılmış artilleriya atəşi nəticəsində 13 hərbçi və
mülki vətəndaş həlak oldu.
Daha sonra avqust ayında Ermənistanın diversiya qrupu keçmiş təmas
xəttini keçərək Azərbaycan hərbçilərinə və mülki şəxslərə qarşı
terror aktları törətməyə cəhd etdi, lakin bunun qarşısı uğurla
alındı.
Ötən il sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyası
çərçivəsindəki çıxışımda mən xəbərdarlıq etmişdim ki, “Ermənistan
rəhbərliyinin düşmən, Azərbaycanofob bəyanatları və təxribatları
Ermənistanın Azərbaycana qarşı yeni hərbi təcavüzə hazırlaşdığını
nümayiş etdirir”.
Bundan üç gün sonra - sentyabrın 27-də Ermənistan Azərbaycanın
hərbi mövqelərinə və mülki şəxslərinə qarşı irimiqyaslı hücuma
başladı. Buna cavab olaraq, Azərbaycan BMT Nizamnaməsinin 51-ci
maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək,
öz ərazisində Ermənistana qarşı əks-hücum əməliyyatına başladı.
44 gün ərzində Ermənistan silahlı qüvvələri cəbhəboyu ərazilərdə
yerləşən rayonlarımızı və şəhərlərimizi – Ağdam, Ağcabədi,
Beyləqan, Daşkəsən, Füzuli, Goranboy, Tərtəri intensiv şəkildə
atəşə tuturdu. Ermənistan, həmçinin cəbhə bölgəsindən uzaqda
yerləşən Gəncə, Bərdə, Mingəçevir, Qəbələ, Siyəzən, Xızı və digər
şəhərləri də atəşə tuturdu. Raketlərdən biri Azərbaycanın hava
hücumundan müdafiə qoşunları tərəfindən Bakının yaxınlığında
yerləşən Xızı üzərində zərərsizləşdirilmişdir. Bu isə onu göstərir
ki, paytaxt Bakı da Ermənistanın raket hücumlarının hədəfi idi.
Ermənistan “Skad” və “İsgəndər-M” tipli ballistik raketlərdən,
habelə qadağan olunmuş ağ fosforlu və kaset tipli sursatlardan
istifadə edirdi. Ermənistanın bu hərbi cinayətləri nəticəsində
100-dən çox dinc sakin, o cümlədən 11 uşaq qətlə yetirilib, 450
nəfərdən çox insan yaralanıb. Azərbaycan ərazisində 12 min mülki
infrastruktur obyekti, o cümlədən fərdi evlər dağıdılıb və ya
onlara ciddi zərər dəyib.
Hərbçilər və mülki əhali arasında fərq qoyulmasına dair beynəlxalq
humanitar hüququn fundamental prinsiplərinə riayət edən Azərbaycan
Ermənistan tərəfindən dinc sakinlərin hədəfə alınması kimi qəddar
hərbi cinayətlərə oxşar formada cavab vermədi.
Ermənistan, eyni zamanda, xaricdən muzdlu və əcnəbi döyüşçülər cəlb
edərək onları Azərbaycana qarşı istifadə edirdi.
44 günlük müharibə ərzində Azərbaycan işğal olunmuş ərazilərinin
böyük bir hissəsini, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan,
Qubadlı və Şuşa şəhərlərini azad etdi. Ümumilikdə, döyüş meydanında
300-dən çox şəhər və kənd azad edilmişdir. Ermənistan 2020-ci il
noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur oldu.
Beləliklə, Ermənistan öz qoşunlarını Azərbaycanın digər
ərazilərindən – Ağdam, Laçın və Kəlbəcərdən çıxarmağa məcbur
edildi. Azərbaycan BMT Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan
qətnamələrinin icrasını özü təmin etdi və bu, yəqin ki, BMT-nin
təsis edildiyi vaxtdan bu günə qədər dünyada ilk belə haldır.
Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi,
ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ
münaqişəsi keçmişdə qaldı. Azərbaycanda artıq Dağlıq Qarabağ adında
inzibati ərazi vahidi yoxdur. Prezidentin 2021-ci il 7 iyul tarixli
Fərmanı ilə biz Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını
yaratmışıq. Fürsətdən istifadə edərək, mən BMT-yə üzv dövlətləri və
BMT Katibliyini ərazilərimizə istinad edərkən hüquqi cəhətdən
mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli
adların istifadəsinə yol verməməyə çağırıram.
Azərbaycanın keçmiş işğal olunmuş ərazilərində Ermənistan
tərəfindən illər ərzində çoxqatlı müdafiə xətlərinin və uzun
səngərlər, tunel və bunkerlərdən ibarət istehkamların qurulması
sübut edir ki, Ermənistan heç bir vəchlə bu əraziləri qaytarmaq
niyyətində deyildi.
Təqribən 30 illik işğal ərzində Ermənistan qəsdən bütün şəhər və
kəndləri dağıtmış, bütün mədəni və dini abidələri viran qoyaraq,
talayaraq, onları əsl urbisid - şəhərlərə qarşı genosid və
kultursid - mədəniyyətə qarşı genosid nümunələrinə çevirmişdir.
Yəqin ki, İkinci Dünya müharibəsindən bəri şəhərlərin bu miqyasda
dağıdılması dünyanın heç bir yerində baş verməyib. Azərbaycanın 9
şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən yer üzündən silinib.
Ermənistan bu ərazilərdə əsrlər boyu yaşayan Azərbaycan xalqının
izini silməyə çalışıb. Ağdam o dərəcədə dağıntıya məruz qalıb ki,
onu “Qafqazın Hirosiması” adlandırırlar. Füzuli şəhərinin işğaldan
azad olunmasından sonra ordumuz orada bir dənə də salamat bina tapa
bilmirdi ki, onun üzərində bayrağımızı dalğalandırsın.
Ermənistanın işğalı altında olmuş ərazilərdə 67 məsciddən 65-i
yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb və təhqir
edilib, onlardan donuz və inək tövləsi kimi istifadə edilib. Bu isə
bütün dünya müsəlmanlarına qarşı hörmətsizlikdir. Hətta
qəbiristanlıqlar belə təhqir olunub, dağıdılıb və talanıb.
Azad olunmuş ərazilərə səfərlər zamanı xarici diplomatlar,
beynəlxalq təşkilatların nümayəndələri və xarici jurnalistlər
Ermənistan tərəfindən törədilən vəhşiliyin şahidi olmuşlar. Şəhər
və kəndlərin, o cümlədən Azərbaycan xalqına məxsus mədəni və dini
irsin tamamilə dağıdılması beynəlxalq media və müstəqil ekspertlər
tərəfindən geniş şəkildə sənədləşdirilib və işıqlandırılıb.
Azərbaycan tərəfindən hər bir ölkənin BMT-dəki nümayəndəliyinə
şəhər və kəndlərimizin işğaldan əvvəl və sonrakı vəziyyəti ilə
bağlı qısa məlumat və fotoşəkillərdən ibarət təsviredici kitab
təqdim edilib. Kitabda Azərbaycanın dini və tarixi abidələrinin
tamamilə məhv olunması öz əksini tapıb.
Ermənistan Azərbaycanın keçmiş işğal edilmiş ərazilərində ekosid -
ətraf mühitə qarşı genosid törədib. Meşələrimizin 60 min hektarı
məhv edilib, kəsilib və oğurlanıb, torpaqlarımız və çaylarımız
çirkləndirilib və zəhərlənib.
Ermənistan keçmiş işğal olunmuş ərazilərdə bizim su
ehtiyatlarımızdan süni ekoloji fəlakət yaratmaq üçün istifadə edib.
2016-cı ildə Avropa Şurası Parlament Assambleyası “Azərbaycanın
cəbhəboyu rayonlarının sakinləri qəsdən sudan məhrum edilir” adlı
qətnamə qəbul edərək, Ermənistan hökumətindən su ehtiyatlarından
siyasi təsir və ya təzyiq aləti kimi istifadəsinə son qoyulmasını
tələb etmişdir.
Ermənistan həmin qətnaməyə qətiyyən məhəl qoymadı və Sərsəng su
anbarını humanitar və ekoloji terrorizm aləti kimi istifadə etməyə
davam etdi. Ermənistan qəsdən qış aylarında su anbarını açaraq
ətraf ərazilərdə daşqın törədir, yay aylarında isə suyu kəsərək
keçmiş cəbhəyanı bölgədə yaşayan insanları və təsərrüfatları sudan
məhrum edirdi.
Ermənistan transsərhəd Oxçuçay çayını kəskin şəkildə çirkləndirir.
Bu isə çayın Azərbaycan ərazisi boyu keçdiyi ərazinin ekoloji
sistemini bərpa olunmaz deqradasiyaya məruz qoyur. Təəssüflər olsun
ki, bəzi xarici şirkətlər də bu ekoloji cinayətdə iştirak edir.
Ermənistan keçmişdə işğal altında olan ərazilərimizdə qanunsuz
olaraq təbii sərvətlərimizi, o cümlədən qızıl və digər qiymətli
metal və mineralları istismar etmiş, onları xarici bazarlara ixrac
etmişdir. Tutarlı faktlara əsaslanaraq biz keçmişdə işğal altında
olan ərazilərdə Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarı
və digər qanunsuz fəaliyyətlə məşğul olan müxtəlif ölkələrdən olan
xarici şirkətləri müəyyən etmişik. Biz artıq həmin şirkətlərə qarşı
hüquqi tədbirlərə başlamışıq. Onlar keçmişdə işğal altında olan
ərazilərdə təbii sərvətlərimizi qanunsuz istismar etdiklərinə görə
məsuliyyətə cəlb ediləcəklər.
Birinci Qarabağ müharibəsi nəticəsində 4 minə yaxın vətəndaşımız
itkin düşmüşdür. Ermənistan onların taleyi ilə bağlı bizə məlumat
verməlidir. Bizdə olan etibarlı məlumatlara əsasən, onların demək
olar ki, hamısı işgəncələrə məruz qalaraq qətlə yetirilib və
beynəlxalq humanitar hüquqa zidd olaraq Ermənistan ordusu
tərəfindən kütləvi məzarlarda basdırılıb. Ermənistan hərbi
cinayətkarları tərəfindən qətlə yetirilmiş 12 mülki şəxsin
qalıqları 2021-ci ilin aprel ayında işğaldan azad olunmuş Kəlbəcər
rayonunun Başlıbel kəndində kütləvi məzarda tapılıb.
Beynəlxalq hüquq və BMT Nizamnaməsinə əsasən, Ermənistan dövlət
səviyyəsində Azərbaycana qarşı hərbi təcavüz və digər ağır
cinayətlərə görə məsuliyyət daşımalıdır.
Ermənistanda çevriliş nəticəsində hakimiyyətə gəlmiş və
1998-2018-ci illərdə hakimiyyətdə olmuş səhra komandirləri
Azərbaycan ərazilərinin 30 ilə qədər davam edən işğalı ərzində
məkrli arzularına və məqsədlərinə çatmaqda uğursuzluğa düçar
oldular. Əksinə, 2017-ci ildə BMT Baş Assambleyasındakı çıxışımda
qeyd etdiyim kimi, Ermənistan tam iflasa uğramış dövlətə çevrilib.
Ermənistan o dərəcədə zəifləyib ki, heç özü sərhədlərini belə
qorumaq iqtidarında deyil.
Ermənistanda hökumət tərəfindən təşviq edilən Azərbaycanofobiya
artmaqdadır. Etnik nifrət və düşmənçilik üzərində qurulmuş, erməni
cəmiyyətində aşılanan irqçi ideologiya Azərbaycanın Ermənistan
tərəfindən keçmiş işğal olunmuş ərazilərində etnik təmizləmənin və
misilsiz vandalizmin kökündə durur. Ermənistanda rejim
dəyişikliyinə baxmayaraq, ölkədə faşist ideologiyası hökm sürməkdə
davam edir. Ermənistanda bütün hakimiyyətlər dövründə “milli
qəhrəman”a çevrilmiş nasist general Qaregin Njdenin simasında
nasizm vəsf edilir.
Mütərəqqi dünya artan neo-faşizm ilə mübarizə apardığı bir vaxtda,
2016-cı ildə Ermənistanın o vaxtkı prezidenti İrəvanda Qaregin
Njdenin heykəlinin açılışını edib. Azərbaycan təkcə Ermənistanın
işğalçı qüvvələrini deyil, həm də erməni faşizmini məğlub edib. Biz
yenidən öz suverenliyimizə, ərazi bütövlüyümüzə və xalqımızın
təhlükəsizliyinə hər hansı bir təhdid görsək, legitim özünümüdafiə
hüququmuzdan heç bir tərəddüd etmədən istifadə edəcəyik.
Xanımlar və cənablar.
Münaqişə artıq keçmişdə qaldığından azad olunmuş ərazilərdə
irimiqyaslı tikinti işləri həyata keçirilməkdədir. Azərbaycan
müasir şəhərsalma üsulları, “ağıllı şəhər” və “ağıllı kənd”
konsepsiyalarını tətbiq edərək, sıfırdan yeni şəhərlər və kəndlər
inşa edir. Azərbaycan bütün bu işləri öz maddi imkanları hesabına
görür və təkcə bu il bu məqsədlə 1.3 milyard ABŞ dolları məbləğində
vəsait ayrılıb.
Lakin əsas çətinlik azad olunmuş ərazilərdə Ermənistan tərəfindən
yerləşdirilmiş çoxsaylı minaların mövcudluğu ilə bağlıdır. 2020-ci
il noyabrın 10-da Ermənistan tərəfindən kapitulyasiya aktının
imzalanmasından sonra bu günə qədər 2 jurnalist daxil olmaqla, 30
Azərbaycan vətəndaşı həlak olmuş, 130 nəfər isə yaralanmışdır.
Azərbaycan dünyada ərazilərinin ən çox minalandığı ölkələrdən
biridir. Bu, azad olunmuş ərazilərdə bərpa prosesini və məcburi
köçkünlərin evlərinə qayıdışını ləngidir.
Ermənistan dəqiq mina xəritələrini Azərbaycana verməkdən imtina
edir. Ermənistanın üç rayon üzrə təqdim etməyə məcbur olduğu mina
xəritələrinin dəqiqliyi 25 faizdir. Beynəlxalq ictimaiyyət
Ermənistanı məcbur etməlidir ki, azad olunmuş ərazilərimiz üzrə
dəqiq mina xəritələrini bizə təqdim etsin.
Münaqişə başa çatdığından Azərbaycan Ermənistanla sərhədlərin
delimitasiyası və demarkasiyası, bir-birinin suverenliyi və ərazi
bütövlüyünün qarşılıqlı şəkildə tanınması prinsipi əsasında sülh
sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu artıq bəyan edib.
Belə bir saziş regionumuzu sülh və əməkdaşlıq regionuna çevirə
bilər. Lakin, biz hələ də təklifimizlə bağlı Ermənistandan müsbət
reaksiya görməmişik.
Sülh və əməkdaşlığa xidmət edən sahələrdən biri nəqliyyat
layihələri ola bilər. Bu kontekstdə Azərbaycanın əsas hissəsini
Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birləşdirəcək Zəngəzur
dəhlizi regionumuz üçün yeni imkanlar yaradacaqdır.
Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb və hər
kəs bunu nəzərə almalıdır. Ermənistan regional əməkdaşlıq və
qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında
seçim etməlidir. Beynəlxalq ictimaiyyət bu mənada müsbət rol
oynamalı və sülhün alternativinin olmamasını dərk etmək üçün
Ermənistana çağırış etməlidir. Ermənistanda revanşizmin və onun
silahlandırılmasının birbaşa və ya dolayı şəkildə dəstəklənməsi
cəhdlərinə son qoyulmalıdır.
Ümid edirik ki, çoxdan gözlənilən sülh, təhlükəsizlik və sabitlik,
nəhayət, Cənubi Qafqazda bərqərar olunacaq. Azərbaycan regional
sülhə və inkişafa töhfə verən, onun gücləndirilməsinə xidmət edən
ardıcıl səylərini davam edəcəkdir.