Etnik azərbaycanlı əhali əksər hallarda problemin həlli üçün Marneuli meriyasına müraciət etmir - "Salam"-ın araşdırması
Marneulidə Gürcüstan azərbaycanlı icmasının ehtiyacları, problemləri və narahatçılıqları ilə bağlı araşdırmaya görə, yerli əhalidə elə təəssürat var ki, onların ehtiyacları, problemləri və narahatçılıqları yerli özünüidarənin diqqətində deyil.

“Salam”-ın apardığı araşdırmaya görə, etnik azərbaycanlı əhali problemlərinin nə olduğunu və onun necə həll olunacağını yaxşı görürlər. Ancaq elə təəssüratları var ki, onların tələblərinin mənası yoxdur. Düşünürlər ki, problemlərin həlli ilə bağlı qərarlar mərkəzdə qəbul olunur. Əhali infrastruktur problemləri, eləcə də qadınların, gənclərin və fiziki imkanları məhdud şəxslərin siyasi fəaliyyətə qoşulmamasına görə narahat olduğunu qeyd edir.

“Bizim kənddə çox problem var. Məsələn, suvarma suyu çox pis vəziyyətdədir. Yolların bir qismi düzəldilib, bir qismi isə yox. Küçələrin bir qisminə işıqlar çəkilib, bir qisminə yox”, – araşdırmada iştirak edən 30 yaşlı qadın bildirib.

“Mən indiyə kimi eşitməmişəm ki, hansısa nümayəndə gəlsin və bizimlə, qadınlarla görüşsün. Bununla bağlı məlumat da vermirlər ki, bu gün və ya sabah nümayəndə, mer, yaxud başqa şəxslərlə görüş keçiriləcək”, – araşdırmanın iştirakçısı 23 yaşlı qadın bildirib.

Araşdırmaya görə, əhali əksər hallarda problemlərin həllinə görə, yerli özünüidarəyə müraciət etmir. Müraciət etdikdə isə heç bir nəticə və ya cavab ala bilmirlər.

“Əhali və özünüidarə arasında olan gözəgörünməz sədd hissinə səbəb olaraq dil baryeri, əhalidə olan qorxu və azlıqlara qarşı olan neqativ yanaşmalar qeyd olunur. Fokus qruplar zamanı aydın olub ki, yerli əhali yerli dövlət məmurlarının fəaliyyətindən narazıdır. Əhali başa düşür ki, yerli özünüidarədə işləyən adamların ilkin rolu və öhdəliyi əhaliyə dəstək olmaq, onlara xidmət göstərməkdir. Ancaq onlar bilirlər ki, özünüidarə öz fəaliyyətini əhalinin başa düşdüyü dildə həyata keçirməzsə bunu tam yerinə yetirə bilməyəcək”, - araşdırmada qeyd olunub.

Marneulidə Gürcüstan Azərbaycanlı icmasının ehtiyacları, narahatçılığı və problemləri ilə bağlı araşdırmanın nəticələrinə görə, əhali Marneuli bələdiyyəsində işləyən dövlət məmurları arasında etnik azərbaycanlı gənclərin az olmasını problem olaraq görür. Meriyada etnik azlıq nümayəndələrinin azlığı “Sosial Ədalət Mərkəzinin” təsisçisi Tamta Mikeladzenin diqqətini də cəlb edib. Onun sözlərinə görə, etnik azlıq nümayəndələri Bələdiyyə Məclisində, eləcə də meriyada müvafiq şəkildə təmsil olunmurlar.

“Marneuli bələdiyyəsində problem yalnız nümayəndəlik səviyyəsində deyil, həm də işlə təmin olunma səviyyəsindədir. Biz etnik azlıqların bu regionda işlə təmin edilməsini müşahidə etsək, görərik ki, Marneuli bələdiyyəsində bu ciddi uyğunsuzluq təşkil edir. Bir neçə gün əvvəl Marneuli meriyasından məlumat istədik, bizə dedilər ki, bu bələdiyyədə 232 adam işlə təmin olunub və onlardan 84 nəfəri etnik azlıqdır. Meriyanın inzibati vahidlərdəki nümayəndələrinin 15 nəfəri, 59 mütəxəssisdən isə 40 nəfəri etnik azlıq nümayəndəsidir. Belə çıxır ki, Marneulidə işlə təmin olunmuş şəxslərin yalnız 36% etnik azlıqlardır. Bu da uyğunsuzluq təşkil edir. Çünki etnik azlıqlar Marneulidə 91% təşkil edir”, – Tamta Mikeladze bildirib.

“Salam” yerli sakinlərin inteqrasiyası və siyasi həyata qoşulmasını artırmaq üçün yerli özünüidarə və siyasi partiyalar üçün tövsiyə də hazırlayıb. Tövsiyələrdən birinə görə, meriya əhali ilə münasibətdə əməkdaşlarının fəaliyyətinin effektivliyini araşdırmalıdır. Siyasi partiyalar isə əhali və dövlət məmurları arasında olan gözəgörünməz səddi araşdırmalıdırlar.

Print Email
FaceBook Twitter Google