30 adamla birlikdə idimsə mənim burnum niyə qırılıb və Kveladzeyə heç nə olmayıb – Rövşən İsgəndərov
“Gürcü Arzusu”-nun Sadaxlı ərazi vahidliyindən majoritar deputatlığa namizədi Rövşən İsgəndərov “Marneuli” radiosu ilə söhbəti zamanı ötən gün, 30 sentyabr tarixində, baş vermiş hadisələr barədə danışdı. İsgəndərovun bildirdiyinə görə, Laşa Kveladze Kirovka kəndində ona hücum edib və onu döyüb, təhqir edib.

“Kənddə məktəb divarında yazı yazırdı. Mən insan olaraq maşını saxladım və dedim ki, bu yazını yazmasın. Sonra Laşa məni təhqir etməyə başladı. Mənə deyirdi hamı layiq olduğu cavabı alacaq və bax, Mişa qayıdır. Sonra mənə hücum etdi və döydü. Mən bu zaman dostlarımla birlikdə idim, Kveladze ilə daha iki nəfər var idi. O, adamlar da Laşaya deyirdilər ki, vurma, ancaq onlara qulaq asmırdı”, – Rövşən İsgəndərov bildirdi.

Laşa Kveladze 30 sentyabr tarixində baş vermiş hadisələrlə bağlı fərqli danışır və bildirir ki, İsgəndərov özü ona hücum edib. Majoritar deputatın yanında isə 30-a yaxın adam olub. Rövşən İsgəndərov Kveladzenin ittihamını təkzib edir.

“Əgər mənim yanımda 30 adam var idisə, o zaman niyə xəsarət almışam, burnum qırılıb, Laşaya isə heç nə olmayıb. Yanımda 30 adam var idisə, o zaman niyə belə oldu? 30 deyil, lazım gələrsə, oraya minlərlə adam çıxardı və bütün Sadaxlı ayağa qalxardı. Sadəcə mən qarşıdurma istəmirdim, hamıdan xahiş etdim ki, əl qaldırmasınlar, hamını dayandırdım.”

İsgəndərovun sözlərinə görə, Kveladze onu döydükdən sonra əhali hadisə yerinə toplaşıb. O, bildirdi ki, əhali onu qanlı vəziyyətdə görüb və buna görə maşınları saxlayıblar.

Rövşən İsgəndərov Marneuli “Geo Hospitals” klinikasını burun sınığı diaqnozu ilə bu gün, 1 oktyabr tarixində tərk edib. Onun “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdiyinə görə, seçkilərdən bir gün sonra, 3 oktyabr tarixində əməliyyat olunacaq.

Baş vermiş faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə istintaq aparılır. Həmin maddə zorakılığı nəzərdə tutur. İsgəndərovun sözlərinə görə, onda hadisəni təsvir edən video/foto material yoxdur. Ancaq polislər istintaq aparırlar və nəticədə günahkarlar qanun qarşısında cavab verəcək.

Print Email
FaceBook Twitter Google