Bu gün, 7 oktyabr tarixində, Marneuli Bələdiyyə Məclisinin iclası
keçirilib. İclasda müzakirəyə dörd məsələ çıxarılıb.
İclasda Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze 2021-ci il
yerli özünüidarə seçkiləri barədə söhbətlə açıb. Qiorqadzenin
sözlərinə görə, Gürcüstanda və Marneulidə seçkilər sakit rejimdə
keçib.
“Mən hər bir Marneuli sakininə minnətdarlığımı
bildirirəm ki, seçkidə iştirak etdilər və öz fikirlərini
bildirdilər, qalib gəlmiş siyasi partiyanı dəstəklədilər. Bu “Gürcü
Arzusu” partiyasıdır. Çünki partiyanın təqdim etdiyi bütün
majoritar deputatlığa namizədlər qalib gəlib”, –
Amiran Qiorqadze bildirdi.
Qeyd edək ki, Amiran Qiorqadzedən – “Gürcü Arzusundan” fərqli
olaraq, “Beynəlxalq Şəffaflıq Gürcüstan” Marneulidə keçirilmiş
seçkiləri mənfi dəyərləndirib və qeyd edib ki, ölkə miqyasında ən
pis vəziyyət Marneulidə olub.
Qiorqadze seçicilərə minnətdarlığını bildirdikdən sonra Bələdiyyə
Məclisində müzakirə olunacaq ilk məsələni təqdim etdi. Məsələ
2021-ci ilin büdcəsinə edilən dəyişikliklərlə bağlı idi. Məsələnin
müzakirəsi zamanı Marneuli meriyasının Maliyyə-Büdcə Xidmətinin
rəhbəri Vüqar Məmmədov bildirdi ki, Bələdiyyə Məclisinə
dəyişikliklər nəticəsində sosial xidmət maddəsinə 10 000 lari əlavə
olunub. Çünki dekret məzuniyyəti və bülletenlərin pulu bitib.
“Meriyanın müxtəlif xərclərini ödəmək üçün 140 000 lari əlavə
olunur. Xəstələrin sosial təminatı üçün pul da bitib. Ona görə də
170 000 lari əlavə edirik ki, ilin sonuna qədər aztəminatlı əhaliyə
yardım edək. Dəyişiklikləri nəzərə almaqla Marneuli yerli
özünüidarəsinin büdcəsi 47 233 900 lari dəyərində müəyyən
olunub”, – Vüqar Məmmədov bildirdi.
7 oktyabr tarixində Bələdiyyə Məclisinin iclasında tələbələrinin
maliyyələşdirilməsi qaydasında dəyişiklik edilməsi və yerli
özünüidarə tərəfindən gənclər layihələlərinin maliyyələşdirilməsi
məsələsi də müzakirə olundu.
Bələdiyyə Məclisi üzvləri bütün məsələləri yekdilliklə
dəstəklədilər.