Peşəyə çevrilmiş uşaqlıq həvəsi
Marneulili dərzi Marika Barbakadze 7 ildir sifarişlər qəbul edir. O, bildirir ki, bu peşəni uşaqlıqdan sevirmiş və ilk dəfə təxminən 5 yaşı olanda tikiş tikib. Marikaya işləmək üçün pandemiya da mane ola bilməyib və o, Marneuli qapalı olan zaman maskalar tikməyə qərar verib.

“Tikişə başlayanda çox kiçik idim. Anam və xalam tikirdilər. Nə etdikləri ilə maraqlanırdım, iş prosesində onları müşahidə edirdim. Gördükləri iş xoşuma gəlirdi. Baxırdım və mən də öyrənirdim. Sonra artıq öz fantaziyamla tikirdim. Uşaq paltarlarına baxırdım və sonra gəlinciklərimə don, şalvar, papaq tikirdim. Gəlinciklərimi gözəlləşdirirdim. Artıq böyük yaşda özüm üçün donlar, şalvarlar tikirdim. Bir dövr don-şalvarlar dəbdə idi və bir neçəsini tikdim. Sonra artıq ailə üçün yataq dəstləri tikməyə başladım və qonşular gördükdə sifariş verdilər. Bundan sonra mənim həvəsim peşəyə çevrildi. Bu təxminən 7 il əvvəl baş vermişdi. Bu işdən şəxsi gəlirim var. İndi yataq dəstləri, adyallar, uşaq çarpayısı üçün bamperlər, örtüklər və s. tikirəm. Pandemiya zamanı özümə maskalar tikdim. Bəyəndilər və tələb yarandı. Marneuli bağlanan zaman parça almaq üçün Tbilisiyə gedə bilmirdim. Ona görə evdə qalan parçalardan istifadə etdim və maskalar tikdim. Gündə təxminən 100 maska satırdım. Bu mənim üçün gəlir idi. Yeni il ərəfəsində kiçik “tomsiklər” və müxtəlif əşyalar tikirəm. Əsas odur ki, öz işimi sevirəm”, – Marika bildirdi. 

15 oktyabr tarixində Beynəlxalq Kənddə Yaşayan Sahibkar Qadınlar Günü qeyd olunur. Kənddə Yaşayan Sahibkar Qadınlar Günü ictimaiyyətə qadının əməyinin nə dərəcədə qiymətli olduğunu xatırladır və onları layiqli şəkildə qiymətləndirməyə çağırır. BMT-nin Baş Assamblaeyası tərəfindən 2008-ci ildə təsis edilmiş bu gün kənddə yaşayan qadınların yerli inkişafa və kənd təsərrüfatına, qida təhlükəsizliyinin yaxşılaşdırılması, kasıblıqla mübarizəyə verdiyi töhfəni tanıyır.

BMT-nin Qadın Təşkilatının məlumatlarına görə, kənddə yaşayan qadınlar dünya əhalisinin dörddə birini və qlobal kənd təsərrüfatına qoşulmuş işçilərin 43%-ni təşkil edirlər.

"Marneuli" Radiosu
Print