“Azərbaycanın və Gürcüstanın prokurorluq orqanların
arasında əməkdaşlıq çox yüksək səviyyədədir. Bizim Tbilisiyə
növbəti səfərimiz və apardığımız müzakirələrdən sonra
münasibətlərimiz yeni müstəvidə daha da inkişaf
edəcək”.
Bu sözləri Tbilisidə səfərdə olan Azərbaycanın Baş prokuroru Kamran
Əliyev gürcü həmkarı İrakli Şotadze ilə görüşdən sonra
jurnalistlərə açıqlamasında söyləyib.
Tbilisiyə Gürcüstanın Baş prokuroru İrakli Şotadzenin dəvəti ilə
səfər etdiyini vurğulayan K.Əliyev deyib:
“Bu səfər
çərçivəsində çox səmərəli görüşlərimiz oldu. Apardığımız
danışıqlardan və imzalanmış memorandumdan sonra münasibətlərimiz
yeni mərhələyə qədəm qoyacaq”.
O, deyib ki, görüşdə əsasən Azərbaycan və Gürcüstanın Baş
prokurorluqları arasında münasibətlər müzakirə olunub. Xüsusən də
hər iki tərəf arasında konkret cinayət işləri üzrə qarşılıqlı
hüquqi yardımın göstərilməsi, yaxşı təcrübənin bölüşməsi,
beynəlxalq platformalarda birgə mövqedən çıxış etmək, qarşılıqlı
səfərlərin təşkili və bu kimi məsələlər ətrafında geniş fikir
mübadiləsi aparılıb.
Mənbə: report.az