Mənim üçün 22 lari təqaüd təhqirdir – veteranlar təqaüdə əlavələr barədə nə düşünürlər
2008-ci ilin avqust müharibəsinin iştirakçıları Davit Kimadze və Quram Barbakadze bildirirlər ki, müharibədə bütün əsgərlər qəhrəmandır. İllər əvvəl hərbçilər böyük psixoloji stress keçiriblər. Onların sözlərinə görə, əgər lazım gələrsə, ölkəni qorumaq üçün yenə eynisini edərlər. Kimadze bildirdi ki, müharibənin təəssüratları və oradakı ağrı əsgərin həyatının sonuna qədər davam edir. Ancaq, bildirdi ki, müharibədən sağ qayıtmış veteranlara dəyər verilmir, dövlət yalnız müharibədən qayıtmayanların ailəsinə hörmət edir. Quram Barbakadze bildirdi ki, dövlətin müharibə veteranlarına 22 lari əlavə verməsi onun üçün təhqirdir və indiyə qədər həmin pulu qəbul etmək istəyi olmayıb. Çünki müharibədə əsgər ölkə üçün 22 laridən daha artıq iş görür. Ən əsası isə onlar heç vaxt dövlətdən hörmət hiss etmirlər.

"Bizim dövlətdə əsgər müharibədə ya ölməlidir, ya da fiziki xəsarət almalıdır. Yalnız onda qəhrəman sayılırlar və onlara qiymət verilir. Cəbhənin ön xəttindən sağ qayıdan, yoldaşları gözü qarşısında öldürülənlər deyil. Dövlət bizi müharibədən qayıtmayan adamlardan ayırır. Sanki biz ölkəmiz üçün heç nə etməmişik. Bütün əsgərlər qəhrəmandır. Müharibədən sonra mən sağlamlığımı itirdim. Psixoloji baxımdan məhv olmuşdum, indi də belədir. Təxminən iki il ərzində su içə, yemək yeyə bilmirdim. Dostlarımın necə həlak olduğu yadıma düşürdü. Dövlət indi bizə 22 lari dəyər verir. Bizim üçün heç bir tibbi güzəşt də yoxdur", – Kimadze bildirdi.

Quram Barbakadzenin sözlərinə görə, Gürcüstanda əsgərlərə yalnız dünyasını dəyişdikdən sonra qiymət verirlər.

“Gürcüstanda, təəssüf ki, müharibə veteranlarına hörmət etmirlər. Əsgərlərə yalnız dünyasını dəyişdikdən sonra qiymət verirlər. Heç onda da müvafiq şəkildə qiymətləndirmirlər. Mənim üçün bu 22 larilik təqaüd təhqirdir. Çox veteranlar belə düşünür. Bəzi əsgərlərin işi də, heç bir gəliri də yoxdur. Belə olan halda bu 22 larilik əlavə hər ay çox az adama yardım göstərəcək. Ölkəni qorumaq üçün əsgər ölümə gedir və o, qiymətləndirilməlidir”, – Barbakadze bildirdi.

17 oktybar tarixində, Gürcüstanda veteranlar gününə həsr edilmiş tədbirdə, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bildirib ki, yanvar ayından veteranların aylıq əlavəsi 22 lari, 5-dəfə artırılacaq.

Davit Kimadzenin sözlərinə görə, illər əvvəl təyin edilmiş 22 lari, bu gün 5 dəfə artırılmış dəyərə bərabərdir. Çünki ölkədə hər şeyin, xüsusilə tibb sahəsində qiymətlər artıb.

“Mən həmin 22 larini alıram, ancaq 5 dəfə artırılacağı halda həmin pul illər əvvəl nə demək idisə, elə olduğu kimi də qalır. Çünki hər şey bahalaşıb. Veteranlara heç bir hörmət yoxdur, faktiki olaraq gözümüzə kül üfürürlər. Bizim ölkədə 22 larilik əlavə bir yana qalsın, müharibə veteranlarına tibbi güzəşt belə yoxdur”, – Kimadze bildirdi.

Marneuli Sosial Xidmət Agentliyində hələ ki, müsahibə verməkdən çəkinirlər. Çünki məsələ ideya səviyyəsindədir və qanunvericilikdə dəyişiklik edilməyib.

“Baş-nazir səsləndirdi, amma qanunvericilik səviyyəsində hələ heç nə yoxdur. Qərar çıxmalıdır, yaxud dəyişiklik qüvvəyə minməlidir. Sonra Səhiyyə Nazirliyi bizə qeyd bildirir. Ona qədər müsahibə verə bilmərəm. Hələ ideya səviyyəsindədir və bu halda müsahibə vermək düzgün olmaz. Həmin 22 lari kommunal xərclər üçün nəzərdə tutulmuşdu. Ancaq şəxsə adi, pensiya şəklində hesaba köçürdü. İdeyada var ki, həmin 22 lari beş qat artırılsın – yəni, təxminən, 120 lariyə qədər artsın. Ancaq təmiz şəkildə verilməlidir”, – Marneuli Sosial Xidmət Agentliyindən bildirdilər.

Gürcüstanda veteranlar günü 2014-cü ildən qeyd olunur. 1995-ci ilin 17 oktyabr tarixində Gürcüstan Parlamenti “müharibə və silahlı qüvvələr veteranları barədə” qanun qəbul edib. Bu isə sonradan veteranlar gününün təyin edilməsi üçün əsas oldu.

Print Email
FaceBook Twitter Google