Bir gündə 49 təsdiqlənmiş hal – Marneulidə bağça və məktəblər bağlanıb
Marneuli bələdiyyəsində son bir həftə ərzində koronavirusa 131 yoluxma qeydə alınıb. Bu barədə Marneuli İcitmai Səhiyyə və Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Eter Laperadze bildirdi. Onun sözlərinə görə, yalnız dünən, 18 oktyabr tarixində 49 yoluxma qeydə alınıb. Yoluxanların əksəriyyəti isə uşaqlardır.

“Marneulidə kovidə yoluxmuş xəstələrin sayı artıq kifayət qədət çoxdur. Yalnız dünən, 18 oktyabr tarixində 49 yoluxma qeydə alınıb. Son bir həftə ərzində isə 131 yeni yoluxma təsdiqlənib. Qeyd etmək lazımdır ki, yoluxanların əksəriyyəti uşaqdır”, – Laperadze bildirdi.

Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri bildirdi ki, Marneulidə uşaqlarda yoluxma sayının artmasına görə, Saimerlo kəndində uşaq bağçası və bir neçə məktəb bağlanıb.

“Dünən Saimerlo uşaq bağçası yoluxmalara görə, bağlandı. Bu gün isə Qaçağan bir və iki saylı ictimai məktəbləri tamamilə onlayn tədrisə keçdi. Həmçinin, Marneuli 5 saylı ictimai məktəbində 2 qrup onlayn rejimə keçirilib və Saimerlo məktəbində isə vəziyyət dəqiqləşdirilməlidir. Əgər yoluxmuş uşaq əlamətlər olan zaman üç gün məktəbə gəlməyibsə o zaman onlayn rejimə keçməyəcəklər. Əgər 5 saylı ictimai məktəbdəki kimi dərs zamanı və axşam hərarəti qalxıbsa, bu artıq təmasdır. Ona görə də onlayn rejimə keçirdik”.

Marneuli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbərinin sözlərinə görə, bələdiyyədə peyvənd vurduranların sayı azalıb və gün ərzində 60-70 nəfər peyvənd vurdurur.

"Marneuli" Radiosu
Print