Tbilisidə müasir Azərbaycan filmlərinin nümayişinə başlanılıb.
“Qafqaz evi”ndə gənc rejissorlar Elvin Adıgözəl və Rüfət Həsənovun
2013-cü ildə çəkdiyi “Buqələmun” filmi tbilisili kinosevərlərə
ingilis dilində subtitrlərlə təqdim olunub.
Filmin nümayişi “Mədəniyyət təqvimi” layihəsi çərçivəsində baş
tutub. Layihə koordinatoru Marika Tkeşelaşvili bildirib ki,
tədbirin əsas məqsədi gürcü tamaşaçıları Azərbaycanın kino
istehsalı, məzmunu və estetik xüsusiyyətləri ilə tanış etməkdir:
“Film bioqrafiyaları əks etdirdiyindən çox maraqlıdır. Obrazların
prototipləri rejissorların özləridir. Bu filmi əyalət həyatını
göstərdiyinə görə bəyənirəm. Ekran əsərində göstərilən reallıq,
xarakterlər, sosial həyat Gürcüstanla çox oxşardır. Təəssüf ki, biz
regionda çəkilən filmlər barədə az məlumatlıyıq. Nə köhnə, nə də
müasir kino ilə yaxşı tanışıq. Gürcüstan ictimaiyyətini bölgə
kinosu ilə yaxından tanış etmək üçün vaxtaşırı belə tədbirlər
keçirməyə çalışırıq”.
“Buqələmun” Nicat adlı gənc oğlandan bəhs edir. O, maddi
problemlərini həll etmək üçün atasının ona vəsiyyət etdiyi evi
satmaq üçün doğma kəndə gəlir. Həmin bölgədə yol tikinti şirkətində
çalışan Əli ev almaq istəyir və işə düzəlmək ümidi ilə ailəsi ilə
bura köçməyi planlaşdırır. Filmdə hər səhnədə əsas rollarda digər
personajlar da yer alıb.
Film özünəməxsus şəkildə çox naturalistik üslubda lentə alınıb.
Ekran əsəri əyalətdə həyatın necə olduğunu, insanların nə ilə
məşğul olduqlarını və dolanmaq vasitələrini göstərir.
Azərbaycan filmi gürcü tamaşaçılarda sosial və mədəni
oxşarlıqlarına görə xoş təəssürat yaradıb. Nümayişdən sonra
aparılan diskussiya zamanı filmin bölgənin real həyatını əks
etdirdiyi bildirilib.
Qeyd edək ki, “Mədəniyyət təqvimi” layihəsi çərçivəsində oktyabrın
26-da rejissor Asif Rüstəmovun “Axınla aşağı” (2014) filminin
nümayişi təşkil olunacaq.