Gürcüstan Səhiyyə Nazirliyindən verilən məlumata görə, peyvənd
marafonu çərçivəsində Kaxeti bölgəsinin
Manavi kəndində onlarla hamilə qadın və biri 100 yaşlı qadın
olmaqla onlarla insan peyvənd olunub.
Qurumun verdiyi məlumata görə, bu mərhələdə marafon Kaxetinin iki
kəndi, Manavi və Patardzeuli kəndlərində keçirilir.
“Biz Kaxetidə peyvənd marafonunu davam etdiririk. Peyvəndin aşağı
olduğu kəndləri seçdik. Vətəndaşlara doğru məlumatı çatdırmaq üçün
ailə həkimlərinin və yerli özünüidarə orqanlarının bu prosesə cəlb
edilməsi çox vacibdir. Səhiyyə Nazirliyi və Xəstəliklərə Nəzarət
Mərkəzi davam edən prosesi daim izləyəcək. Əminik ki, peyvənd
marafonu müsbət nəticələr verəcək və peyvəndin sürəti daha da
artacaq", - deyə Gürcüstanın səhiyyə naziri Ekaterine
Tikaradze bildirib.
Qurumdan verilən məlumata görə, vətəndaşlar "COVID-19" əleyhinə
kənddən çıxmadan, yerində, qeydiyyat olmadan, xüsusi təyin edilmiş
səyyar dispanserdə peyvənd edilə bilərlər.
Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamkrelidzenin
sözlərinə görə, kampaniyanın ilk günündə 120 nəfərə, dünən isə
əlavə 300 nəfərə peyvənd edilib:
“Kənd yerlərində keçirilən marafonun yaxşı nəticələr
verəcəyinə böyük ümidlərimiz var, amma bütün bunlar gələcəkdə də
davam etməlidir. Burada çox təcrübəli həkimlər və tibb bacıları
var. Bildiyiniz kimi, Kaxetidə halların artması müşahidə olunur və
bunu yalnız kütləvi peyvənd prosesi dayandıracaq", -
deyə Amiran Qamkrelidze qeyd edib.
Layihə Məcburi Köçkünlər Nazirliyi, Əmək, Səhiyyə və Sosial Müdafiə
Nazirliyi, Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzi və
Dövlət Tibb Holdinqinin təşəbbüsü ilə həyata keçirilir. Marafonda
kənd həkimləri, Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli
Mərkəzinin və bələdiyyə ictimai sağlamlıq mərkəzlərinin
nümayəndələri, bələdiyyə sağlamlıq mərkəzlərinin nümayəndələri,
kənd qəyyumları, yerli hökumət nümayəndələri, qeyri-hökumət
təşkilatları və digər maraqlı tərəflər iştirak edir. Qurumdan
deyilənlərə görə, məlumatlandırma görüşləri zamanı əhaliyə
maarifləndirici materiallar veriləcək. Layihə Ümumdünya Səhiyyə
Təşkilatı, AB-nin Gürcüstandakı Nümayəndəliyi, BMT-nin
Gürcüstandakı Nümayəndəliyi və BMT-nin İnkişaf Proqramı (UNDP)
tərəfindən dəstəklənir.