Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin
(AXC) elan edildiyi hazırkı Milli Gənclər Sarayı binasının
bərpa-yenidənqurma işlərinin birinci mərhələsi başa çatıb.
Bu barədə şəhər meriyasından bildirilib.
İlk mərhələdə tikilinin fasadı bərpa olunub və dekorativ
işıqlandırma quraşdırılıb, dam örtüyünün böyük hissəsi və məhəccər
bərpa edilib.
Növbəti mərhələ çərçivəsində interyer və daxili həyətdə bərpa
işləri həyata keçiriləcək.
Hazırkı mərhələdə isə zallarda konservasiya- restavrasiya işləri
aparılır, daxili kommunikasiyalar qurulur, qapı və pəncərələr bərpa
olunur.
Qeyd edək ki, layihənin dəyəri 33,7 milyon lari (10,7 milyon ABŞ
dolları) təşkil edir və işlərin 2023-cü ilin sonunda tam başa
çatdırılacağı gözlənilir.
Mədəni irs nümunəsi olan tikilinin güzgülü zalında 1918-ci il mayın
28-də AXC-nin müstəqillik bəyannaməsi oxunaraq, Şərqdə ilk
demokratik respublikanın yaradıldığı rəsmən elan olunub. Həmin
zalın girişində bu barədə Azərbaycan, gürcü və ingilis dillərində
məlumatın əks olunduğu lövhə yerləşdirilib.
Mənbə: report.az