Oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi
olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə
Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində
iştirak ediblər.
Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını
bildirən lenti kəsiblər.
Füzuli Beynəlxalq Hava Limanının rəmzi açarları Azərbaycan
Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana
təqdim olunub.
Rəmzi açarları dövlət başçılarına "Azərbaycan Hava Yolları" QSC-nin
(AZAL) prezidenti Cahangir Əsgərov təqdim edib.
Daha sonra dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış
olublar.
Xatırladaq ki, yanvarın 14-də Prezident İlham Əliyev Füzuli
Beynəlxalq Hava Limanının təməlini qoyub. Aeroportun uçuş-enmə
zolağının uzunluğu 3 000 metr, eni isə 45 metrdir. Perron sahəsi 60
min kvadratmetr olan hava limanında müxtəlif növ təyyarələrin
dayanacağı var. Yönəldici yolun sahəsi 6 500 kvadratmetr, aeroporta
giriş yolu 5 000 kvadratmetr təşkil edir.
Mənbə: report.az