“Xaçapuri yeməyə gedirəm” – “Gürcü Arzusu”-nun aksiyasına Marneulililər də qoşulub
“Gürcü Arzusu” partiyasının aksiyasına Marneulililər də qoşulub. “Yenə də böyüyəcəklər” heykəlinin yaxınlığına toplanmış partiya tərəfdaşları artıq Tbilisiyə yola düşüblər. Ancaq hamının məqsədi hakim partiyanın aksiyasında iştirak etmək deyil.

Aksiya iştirakçılarından biri “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, Tbilisiyə xaçapuri yeməyə gedir.

“Xaçapuri yeməyə gedirəm. Doğurdan, doğurdan xüsusilə xaçapuri üçün gedirəm.

- Kim söz verib ki, xaçapuri olacaq?
- Heç kim, sadəcə gürcü xaçapurisi istəyirəm.
- Marneulidə gürcü xaçapurisi yoxdur?
- Tbilisininki yaxşıdır, ona görə gedirəm”.

“Hələ biz özümüz də bilmirik hara gedirik. Tbilisiyə gedirik, yalnız bunu bilirəm”.

“Marneuli” radiosu ilə söhbəti zamanı Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze bildirdi ki, “Gürcü Arzusu”nun partiya fəalları Tbilisiyə toplaşır. Ancaq partiya üzvləri ilə yanaşı sadə vətəndaşların da aksiyaya qoşulması ona xoşdur.

“Çox sevinirəm ki, partiya fəallarından başqa çox sayda adam bu gün aksiyaya getmək istədiyini bildirdi. Aksiya bizim sülh, stabillik və inkşaf istəməyimizlə bağlıdır. Zorakılığa və Milli Hərəkata yox”.

Amiran Qiorqadzenin sözlərinə görə, “Gürcü Arzusu”nun keçirdiyi aksiyanın iştirakçılarına pul ödənməsi yalandır və bu “Milli Hərəkatın” uydurduğu məsələdir.

Aksiyaya Marneulidən minik avtomobilləri və mikroavtobuslar yola düşüb. Bir neçə sərnişin “Marneuli” radiosu ilə əlaqə saxladı və bildiridlər ki, şəhər və kəndlərdə ictimai nəqliyyat işləmir. Marneuli “Ekspress Turist” MMC-nin direktoru Yuri Samxaradze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, 1 və 2 nömrəli marşrut üzrə hərəkət edən mikroavtobusların bir qismi “Gürcü Arzusunun” aksiyasına əhalini aparmaq üçün gedib.

Aksiyaya qoşulmuş Qullar sakinlərindən biri bildirdi ki, hara getdiyini bilmir, sadəcə kənddə gənclər deyib ki, onlarla birlikdə getsin, o, da razılaşıb. Baxmayaraq ki, aksiya iştirakçılarının bir qismi haraya getdiyini bilmir, digər qisminin aksiyanın məqsədləri barədə tam məlumatı var idi.

“Gürcü Arzusu” partiyasının tərəfdaşlarıyıq. Qarışıqlıq istəmirik. Biz istəyirik ki, normal yaşayaq. Biz Gürcüstanda normal yaşamaq istəyirik. Sən istəmirsən, qardaşım? Kim müharibə istəyir, 7 noyabrda olanları yenə istəyirsiniz? 41-in tərəfdaşıyıq, vəssalam”, – Binəli Həsənov bildirdi.

Marneuli Bələdiyyə Məclisinin sədri “Marneuli” radiosuna bildirdi ki, aksiyaya bələdiyyədən 2500-3000-ə yaxın adam qoşulacaq.


Print Email
FaceBook Twitter Google