Azərbaycan gömrükçüləri külli miqdarda zərgərlik məmulatlarının
gömrük sərhədindən bəyan etməməklə və gömrük nəzarətindən
gizlətməklə keçirilməsinə cəhdin qarşısını alıblar.
Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Məlumata görə, Komitənin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat
və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, ölkəyə
Gürcüstandan "çipsi" yükü gətirən "Mercedes-Benz" markalı avtomobil
"Qırmızı Körpü" gömrük postuna daxil olub və yük nəqliyyat
vasitəsinə rentgen qurğusu ilə baxış zamanı avtomobilin arxa
təkərlərinin arasında yerləşən hava balonunda şübhəli cizgilər
qeydə alınıb. Hava balonunun isə yalnız mütəxəssis köməyi ilə
açılması mümkün olduğu üçün həmin nəqliyyat vasitəsi postun
terminalında saxlanılıb.
Beləliklə, gün ərzində sürücünün avtomobilin alt hissəsində,
şübhəli cizgilərin qeydə alındığı yerdə hərəkəti müşahidə olunub.
Dərhal müdaxilə nəticəsində saxlanılan sürücünün əlində bağlamalar
olduğu müəyyən edilib. Nəqliyyat vasitəsinin alt hissəsinə baxış
zamanı isə hava balonunda əlavə bağlamaların da gizlədildiyi məlum
olub.
Daha sonra bağlamalara baxış zamanı onların içərisində xeyli
miqdarda qızıl-zinət əşyası - 761 ədəd qolbaq, 754 ədəd boyunbağı,
783 cüt sırğa, 118 ədəd kulon, 198 dəst boyunbağı-kulon, 7 dəst
qolbaq-boyunbağı, 11 dəst kulon-üzük-sırğa, 11 dəst üzük-sırğa, 3
dəst üzük-qolbaq, 5 dəst üzük-boyunbağı-sırğa, 2 dəst
boyunbağı-bilərzik-üzük-sırğa, 8 ədəd tək sırğa və 14 qram
boyunbağı aşkarlanıb.
Aşkarlanan zərgərlik məmulatlarının ümumi çəkisinin 18 kiloqram 172
qram olduğu müəyyən edilib.