Noyabrın 29-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
(AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ölkəmizdə
səfərdə olan Gürcüstan Həmkarlar İttifaqları Konfederasiyasının
(GHİK) sədri İrakli Petriaşvili ilə görüşüb.
Görüşdə Azərbaycanla Gürcüstan arasında mövcud münasibətlərdən, hər
iki ölkənin həmkarlar ittifaqları arasındakı əlaqələrdən,
əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində görülən
işlərdən və gələcək perspektivlərdən danışılıb.
AHİK sədri bildirib ki, Gürcüstan və Azərbaycanın dostluq və yaxın
qonşuluq prinsiplərinə əsaslanan münasibətləri bütün sahələrdə
möhkəm təməllər üzərində qurulub və daim inkişaf etməkdədir.
Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətindən söz açan AHİK
sədri deyib ki, vətəndaşlarımızın ən böyük ictimai təşkilatı olan
həmkarlar ittifaqları ölkəmizdə yeni cəmiyyət quruculuğunda
yaxından iştirak edir, sosial siyasətin həyata keçirilməsində
önəmli rol oynayır, dövlətin bütün çağırışlarına, o cümlədən
sosialyönlü təkliflərinə adekvat cavab verir.
S.Möhbalıyev əlavə edib ki, bu gün həmkarlar ittifaqları əmək
prosesinə cəlb olunmuş Azərbaycan vətəndaşlarının hüquqlarının
müdafiəçisi kimi ölkəmizdə fəaliyyət göstərən bütün müəssisələrdə
iş şəraitinin müasir standartlara uyğunlaşdırılması, sosial
problemlərin həlli və əmək hüquqlarının təmin olunması sahəsində
yeni metod və vasitələrdən istifadə edərək daha ardıcıl və
məqsədyönlü fəaliyyət göstərir.
Səmimi qəbula görə təşəkkür edən GHİK sədri İrakli Petriaşvili
Azərbaycan və Gürcüstan həmkarlar ittifaqları arasında
münasibətlərin günü-gündən inkişaf etdiyini, bu mistiqamətdə
qarşılıqlı səfərlərin və təcrübə mübadilələrinin əhəmiyyətini
bildirib.
Qeyd olunub ki, bu əlaqələrin daha da inkişafı üçün gələcəkdə də
səylə çalışılacaq.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər də
müzakirə olunub.
Mənbə: trend.az