2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın ixracı 16,8
milyard dollar, qeyri-neft sektoru üzrə 2,1 milyard dollar təşkil
edib.
Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə
müqayisədə 607,2 milyon dollar və ya 42 faiz artıb.
Azərbaycan mediası bu barədə İqtisadi İslahatların Təhlili və
Kommunikasiya Mərkəzinin "İxrac icmalı"na istinadən məlumat
verir.
Hesabat dövründə qeyri-neft ixracında yeyinti məhsulları 3,2 faiz
artaraq 582,2 milyon dollar təşkil edib. Qeyri-neft ixracında qara
metallar və onlardan hazırlanan məmulatlar 3,2 dəfə, mis və ondan
hazırlanan məmulatlar 2,2 dəfə, pambıq 87,6 faiz, üzvi kimyəvi
birləşmələr 40,6 faiz, şəkər və şəkərdən hazırlanan qənnadı
məhsulları 59,2 faiz, alüminium və ondan hazırlanan məmulatlar 61,7
faiz, qiymətli metallar və ondan hazırlanan məmulatlarda isə 4,3
faiz artım qeydə alınıb.
2021-ci ilin yanvar-oktyabr ayları ərzində ixrac edilən qeyri-neft
sektoruna aid malların siyahısında pambıq mahlıcı (143,8 milyon
dollar) birinci olub. Bu siyahıda qızıl (140,1 milyon dollar)
ikinci, pomidor (128,2 milyon dollar) isə üçüncü yerdə
qərarlaşıb.
Hesabat dövründə Rusiyaya 522,3 milyon dollar, Türkiyəyə 407,3
milyon dollar, İsveçrəyə 154,9 milyon dollar, Gürcüstana 109,5
milyon dollar və ABŞ-a 48 milyon dollar dəyərində qeyri-neft
sektoruna aid mal ixrac olunub.
Mənbə: trend.az