Marneulidə 2 nəfər qanunsuz olaraq odlu silah və döyüş sursatı
saxlamaq ittihamı ilə həbs olunub.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, saxlanılanlardan biri 1977-ci il təvəllüdlü, M.M.
keçmişdə müxtəlif cinayətlərə görə, məhkum olunmuş şəxsdir. Həmin
şəxsin üzərində axtarış aparılan zaman qanunsuz odlu silah daşıdığı
müəyyən olunub. Həmin odlu silah maddi sübut kimi götürülüb.
Saxlanılan digər şəxs isə, 1983-cü il təvəllüdlü İ.İ.-dir. O, Kvemo
Kartli Polis Departamentinin Marneuli rayon şöbəsinin əməkdaşları
tərəfindən qanunsuz olaraq odlu silah-sursat əldə etmək və
saxlamaqda ittiham olunaraq saxlanılıb. Hakimin qərarı əsasında
təqsirləndirilən şəxsə məxsus fermaya baxış keçirilib. Baxış zamanı
fermadan “Mosin” markalı odlu silah aşkar edilib. Həmin silah da
maddi sübut kimi polis tərəfindən müsadirə edilib.
Nazirliyin məlumatında o da qeyd olunub ki, qanunsuz olaraq odlu
silah və döyüş sursatı saxlamaq ittihamı ilə müxtəlif vaxtlarda
ölkənin digər regionlarında da əməliyyatlar keçirilib. Əməliyyatlar
zamanı 8 nəfər həbs edilib.
Sadalanan faktlar üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə
cinayət işi açılıb və saxlanılan şəxsləri 3 ildən 7 ilədək həbs
cəzası gözləyir.